Qafarov T.Ə.
HƏKİMLƏRDƏ NARSİSİZM: SƏBƏBLƏRİ, NƏTİCƏLƏRİ VƏ TƏNZİMLƏNMƏSİ
Xülasə: Məqalədə həkimlərdə narsisistik xüsusiyyətlərin səbəbləri, peşə fəaliyyətində təzahürləri və mümkün nəticələri nəzərdən keçirilir. Ədəbiyyat məlumatları göstərir ki, narsisizm yalnız mənfi xüsusiyyət kimi qiymətləndirməli deyil. Mülayim özünəinam, qətiyyətlilik, təşəbbüskarlıq və liderliyə meyl müəyyən klinik və təşkilati şəraitdə adaptiv rol oynaya bilər. Bununla yanaşı, həddindən artıq özünə əhəmiyyət vermə, üstünlük hissi, tənqidə dözümsüzlük, özünə heyranlıq ehtiyacı, empatiyanın azalması və başqalarının fikirlərinə əhəmiyyət verməmək komanda işinə, həkim-xəstə münasibətlərinə və peşə davranışına mənfi təsir göstərə bilər. Narsisistik xüsusiyyətlərin ifadəliliyinə peşə mühiti, yüksək məsuliyyət, rəqabət, iyerarxik təlim sistemi və sosial mediada özünü təqdimetmə imkanları təsir göstərə bilər. Ayrı-ayrı narsisistik xüsusiyyətlərin mövcudluğu narsisistik şəxsiyyət pozuntusu diaqnozu demək deyil. Tibbi mühitdə məqsəd sağlam peşəkar özünəinamı məhdudlaşdırmaq deyil, dezadaptiv davranışların qarşısını almaqdır. Etik davranış, empatiya, konstruktiv tənqidi qəbul etmə, komanda əməkdaşlığı, psixoloji sabitlik və məsuliyyətli hesabatlılıq bu istiqamətdə mühüm əhəmiyyət daşıyır.
Keywords: narsisizm, həkimlər, şəxsiyyət xüsusiyyətləri, peşə davranışı, xəstə təhlükəsizliyi, tənzimləmə
Məmmədova R.R., İsayev İ.İ., Hacıyeva M.R., Mustafayeva A.İ.
KLİNİK TƏCRÜBƏDƏ SKRİNİNQ PROQRAMININ TƏŞKİLİNƏ MÜASİR YANAŞMA
Xülasə: Xəstəliklərin tədqiqi müasir ictimai səhiyyə və profilaktik tibbin ən əsas vasitələrindən biridir. Skrininq proqramları yoluxucu xəstəliklərin epidemiyalarının nəzarətdə saxlanılmasında və xroniki xəstəliklərin müalicə üsullarının işlənib hazırlanmasında uzun və görkəmli tarixə malikdir. Bu müayinə proqramları illər ərzində tətbiq olunduqca əhəmiyyətli bir təcrübə qazanılmışdır. Əgər skrininq proqramları zəif düşünülmüş, təşkil olunmuş və ya tətbiq olunmuş olarsa, onlar şübhəli müdaxilələrə səbəb ola bilər və qrupları və ayrı-ayrı fərdləri təhlükəyə sürükləyə bilər. Bu məqalədə biz skrininq proqramlarının təşkili, müayinələrin xüsusiyyətləri və skrininq proqramlarını yerinə yetirərkən nələrə diqqət edilməli olduğunu ətraflı işıqlandırmağa çalışmışıq.
Keywords: xəstəliklərin skrininqi, skrininq proqramlar, skrininq testlər, universal skrininq, selektiv skrininq
Bəndəlizadə G.S., Canəhmədova Ş.N., Baxşiyeva S.H.
AZƏRBAYCAN RESPUBLİKASINDA ANKİLOSTOMİDOZLAR: PRAKTİKİ LƏĞVDƏN ƏVVƏL VƏ SONRAKI DÖVR VƏ YAXIN GƏLƏCƏK ÜÇÜN PROQNOZLAR
Xülasə: Tədqiqatın məqsədi. Azərbaycan Respublikasında ankilostomidozların yayılma dinamikasını onların ləğvi üzrə kompleks tədbirlərin həyata keçirilməsindən əvvəl və sonra qiymətləndirmək, müasir risk amillərini müəyyən etmək və tarixi və müasir məlumatlar əsasında epidemioloji vəziyyətin perspektivlərini dəyərləndirmək. Material və metodlar. 1956–1960-cı illərdə aparılmış əhali müayinələri ankilostomidozların yüksək yayılmasını göstərmişdir; yoluxma səviyyəsi Lənkəran rayonunda 59,7±0,8%, Zaqatala rayonunda isə 56,8±0,9% təşkil etmişdir. Əksər hallarda invaziyanın intensivliyi aşağı və orta səviyyədə olsa da, yüksək parazitar yüklənmə ilə xarakterizə olunan ocaqlar da aşkar edilmişdir ki, bu da epidemioloji prosesin qeyri-bərabərliyini göstərirdi. 1960–1986-cı illərdə həyata keçirilmiş kompleks əks-ankilostomidoz tədbirləri – əhalinin kütləvi degelmintizasiyası, sanitar-maarifləndirmə işi və sanitariya şəraitinin yaxşılaşdırılması — nəticəsində əhali arasında yoluxma səviyyəsi əhəmiyyətli dərəcədə azalmış, səkkiz endemik rayondan beşində infeksiya praktik olaraq ləğv edilmişdir ki, bu da həyata keçirilən tədbirlərin effektivliyini təsdiq etmişdir. Nəticələr. Əldə olunmuş uğurlara baxmayaraq, son 30–35 ildə qalıq ocaqlar qalmaqda davam edir və əhali arasında kütləvi müayinələr aparılmamışdır. Müasir sosial və ekoloji dəyişikliklər, o cümlədən əhali miqrasiyasının artması, kənd təsərrüfatı fəaliyyətinin genişlənməsi və endemik rayonlarda turizm istiqamətlərinin inkişafı invaziyanın yenidən yayılması riskini artırır. 1990–2025-ci illər ərzində hər il 6-dan 148-ə qədər ankilostomidoz hadisəsinin qeydə alınması qalıq infeksiya ocaqlarının mövcudluğunu və daimi epidemioloji nəzarətə ehtiyac olduğunu təsdiq edir. Yekun. Gələcək tədqiqatların məqsədi ankilostomidozların yayılmasının real mənzərəsini dəqiqləşdirmək, risk amillərini kompleks şəkildə qiymətləndirmək və infeksiyanın yenidən ötürülməsinin qarşısını almağa yönəlmiş məqsədli profilaktik tədbirlər hazırlamaqdır. Bu, əhalinin davamlı sanitariya-epidemioloji rifahının təmin edilməsi və xəstəliyin endemik regionlarda yenidən yayılmasının qarşısının alınması üçün vacibdir.
Keywords: ankilostomidoz, endemik rayonlar, subtropik iqlim, epidemiologiya, qalıq ocaqlar, profilaktika, dehelmintizasiya
Məmmədov E.X., Məmmədov N.İ.
PARASTOMAL AĞIRLAŞMALARIN PROFİLAKTİKASI VƏ MÜALİCƏSİ: RETROSPEKTİV TƏDQİQATIN NƏTİCƏLƏRİ
Xülasə: Məqsəd. Parastomal ağırlaşmaların yaranma tezliyini, risk amillərini, profilaktika və müalicəsində tətbiq olunan cərrahi üsulların effektivliyini qiymətləndirmək. Material və metodlar. Tədqiqata 2008–2025-ci illər ərzində Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin II Cərrahi Qastroenterologiya şöbəsində ileostoma və ya kolostoma formalaşdırılmış 425 xəstə daxil edilmişdir. Xəstələrin klinik göstəriciləri, erkən və gec parastomal ağırlaşmaların tezliyi, onların yaranma səbəbləri, profilaktik tədbirlərin və tətbiq olunan müalicə üsullarının nəticələri retrospektiv qaydada təhlil edilmişdir. Müəyyən edilmişdir ki, erkən dövrdə ən çox rast gəlinən ağırlaşmalar parastomal dəri zədələnmələri, kolostoma ilə dəri arasında diastaz və irinli-iltihabi ağırlaşmalar olmuşdur. Təklif olunan cərrahi yanaşmanın tətbiqi nəticəsində əsas qrupda parastomal ağırlaşmaların, kolostoma retraksiyasının, prolapsın, parakolostomal absesin və parastomal yırtığın rastgəlmə tezliyi müqayisə qrupu ilə müqayisədə statistik cəhətdən əhəmiyyətli dərəcədə azalmışdır (p<0,05). Yekun. Stomanın düzgün formalaşdırılması, parastomal nahiyənin adekvat drenajı, əməliyyatdan sonrakı stomaterapiya və xəstələrin dinamik müşahidəsi parastomal ağırlaşmaların profilaktikasında mühüm əhəmiyyət kəsb edir. Təklif olunan metod xüsusilə bədən kütlə indeksi 30 kq/m²-dən yüksək olan xəstələrdə erkən və gec ağırlaşmaların azalmasına imkan verir.
Keywords: kolostoma, ileostoma, parastomal ağırlaşmalar, profilaktika, müalicə, retraksiya, prolaps
Bayramov A.E.
BÖYRƏK PATOLOGİYALARI FONUNDA XRONİKİ BÖYRƏK XƏSTƏLİYİNDƏN ÖLÜMÜN SƏVİYYƏSİ, RİSK AMİLLƏRİ VƏ REGİONAL XÜSUSİYYƏTLƏRİ
Xülasə: Məqsəd. Azərbaycan əhalisi arasında xroniki böyrək xəstəliyi fonunda böyrək patologiyasından ölüm səviyyəsini yaşa, cinsə, təhsilə və daimi yaşayış yerinə görə qiymətləndirmək. Tədqiqatın material və metodları. 2023-cü il ərzində Azərbaycanda baş vermiş bütün ölüm halları (398 hadisə) təhlil edilmişdir. Ölüm hallarının tezliyi cins, təhsil səviyyəsi, yaş və yaşayış yeri üzrə müəyyən edilmişdir. Nəticələr. Azərbaycanda hər 100 min nəfərə 3,9±0,19 ölüm halı düşür. Ölüm riski cinsə, yaşa, təhsilə və yaşayış yerinə görə dəyişir. Yekun. Xroniki böyrək xəstəliyi fonunda böyrək patologiyasından ölüm səviyyəsində gender fərqi əhəmiyyətli deyil (kişilərdə 4,3±0,260⁄0000) qadınlarda 3,6±0,260⁄0000). Orta və ibtidai təhsilli əhali arasında ölüm səviyyəsi əhəmiyyətli dərəcədə yüksəkdir (6,9±0,370⁄0000). Yaş artdıqca xroniki böyrək xəstəliyi fonunda böyrək patologiyasından ölüm hallarının tezliyi dinamik şəkildə artır (0,1-dən 32,80⁄0000-dək). Respublika əhəmiyyətli şəhərlər, bölgələr və rayonlar arasında bu xəstəlikdən ölüm riskinə görə bərabərsizlik müşahidə olunur.
Keywords: xroniki böyrək xəstəliyi, böyrək patologiyaları, risk amili, ölüm, regional xüsusiyyət
Xülasə: Məqsəd. Quba–Xaçmaz iqtisadi rayonu nümunəsində reproduktiv yaşlı qadınların həkim mama-ginekoloqlara ilkin müraciətlərinin tezliyini və nozoloji səbəblərini qiymətləndirmək. Tədqiqatın material və metodlar. Tədqiqatın materialları 2024-cü ildə Quba-Xaçmaz iqtisadi həkim mama-ginekoloqlara ilkin müraciətlərin məlumat bazası istifadə olunmuşdur. Müraciətlər pasiyentlərin yaşına görə dörd qrupa (15-19; 20-29; 30-39; 40-49), yaşadığı rayona görə (bölünmüşdür. Müraciətlərin səbəbləri XBT-10-n üçrubrikalı kodları ilə və onların uyğun gəldiyi siniflərə görə qruplaşdırılmışdır. Toplanmış materialların statistikası keyfiyyət əlamətlərinin statistikası metodları ilə aparılmışdır, reproduktiv yaşlı qadın əhalisinin hər 1000 nəfərinə düşən ümumi müraciətlərin sayı, bütün üçrubrikalı müraciətlərin səbəblərinin sayı hesablanmışdır. Nəticələr. Reproduktiv yaşlı qadınların ilkin müraciətlərin tezliyi Quba rayonunda nisbətən yüksək, Siyəzəndə isə nisbətən aşağı səviyyədə olmuşdur və bir-birindən statistik əhəmiyyətli fərqlənməmişdir (P=0,01). Rayonların bir-biri ilə bu göstəriciyə görə müqayisəsi Quba ilə bütün digər rayonların fərqinin statistik əhəmiyyətli olmasını (P<0,05) sübut edir, yalnız Şabran və Siyəzənin müqayisəsi əhəmiyyətli fərq aşkarlamağa əsas verməmişdir. İlkin müraciətlərin qadınların yaşından asılı dinamikası oxşar olmuş və statistik əhəmiyyət kəsb etmişdir. Göstərici 15-19 yaşlarda aşağı səviyyədədir, bu həmin yaş qrupunda reproduktiv sağlamlıq xidmətinə tələbatın az olması ilə bağlıdır. Sonrakı yaşlarda tələbat çoxaldığına görə müraciətlər intensiv artır. Yekun. Quba-Xaçmaz regionunda reproduktiv yaşlı qadınların mama-ginekoloqa müraciətlərin tezliyi 346,8±5,2–391,8±2,7‰ imtervalındadır, regionun inzibati rayonlarında bir-birindən əhəmiyyətli fərqlənir, Qubada nisbətən çoxdur, Siyəzəndə nisbətən azdır. Mama-ginekoloqa reproduktiv yaşlı qadınların ilkin müraciətləri yaşdan asılı çoxalır, dinamikanı təsvir edən reqressiya modelinin dəqiqliyi 100%-ə yaxındır (R2=1,0). Mama-ginekoloqa ilkin müraciətlərin ən çox rast gəlinənsəbəblərinə aiddir: hamiləlik, doğuş və zahılıq dövrü (O00-O99) problemləri, normal hamiləliyin gedişi üzərində müşahidə və nəzarət, qadın cinsiyyət orqanlarının qeyri-iltihabi və iltihabi xəstəlikləri. Hamiləlik, doğuş və zahılıq dövrünün problemləri ilə müraciətlərin əksəriyyəti zahılıq dövrü ilə bağlı ağırlaşmalar, ananın hamiləliklə baglı xəstəlikləri, döl azadetmə, dölün, amniotik boşluğun vəziyyəti və döl azadetmədə rast gəlinən çətinliklərinin payına düşür.
Keywords: reproduktiv yaş, mama-ginekoloqa müraciət, region
Nəsirova F.C., Dadaşova L.F., Quliyeva A.O.
BƏDXASSƏLİ ŞİŞLƏRİN METASTAZ XÜSUSİYYƏTLƏRİNİN EMPİRİK ANALİZİ
Xülasə: Metastaz bədxassəli şişlərin inkişafını və proqnozunu təyin edən amildir. Şişin yayılmasının təbiəti şişin biologiyasından, xəstənin yaşından və cinsindən asılıdır. Məqsəd: Ən çox yayılmış bədxassəli şişlərin metastazlarının tezliyini, yollarını və lokalizasiyalarını qiymətləndirmək. Material və metodlar: Xərçəng xəstəsi olan 337 qadın, 201 kişi və 38 uşağın məlumatlarının retrospektiv təhlili aparılmışdır. Sümük metastazları sümük sintiqrafiyası ilə qiymətləndirildi. Nəticələr. Qadınlar arasında ən yüksək metastatik aktivlik, ilk növbədə, onurğa və çanaq sümüklərini əhatə edən süd vəzi xərçəngində müşahidə edilmişdir. Bu, onurğa sütunun venoz pleksusunun cəlb edilməsi və uzun bir asemptomatik gedişi ilə bağlıdır. Uterus xərçəngi lokal şiş böyüməsi və erkən klinik aşkarlanması səbəbindən nadir hallarda uzaq sümük metastazları ilə nəticələnir. Ağciyər xərçəngi orta dərəcədə sümük tutulmasını nümayiş etdirdi. Kişilərdə prostat xərçəngi sümüklərə, xüsusən də onurğa və çanaq nahiyəsinə prostat xərçəngi hüceyrələrinin yaxınlığına görə sümüyə metastaz verməyə ən çox meyllidir. Ağciyər xərçəngi, hematogen yayılma ilə uyğunlaşan, ilk növbədə, onurğa və qabırğaları təsir edən sümüyə orta dərəcədə metastatik aktivlik nümayiş etdirdi. Mədə-bağırsaq şişləri tez-tez qaraciyərə və ağciyərlərə metastaz verir, skeletin tutulması isə nadirdir və adətən gec mərhələlərdə baş verir. Uşaqlarda yüksək proliferativ aktivliyi və erkən sistemli yayılması ilə xarakterizə olunan embrion şişləri, sarkomalar və limfomalar üstünlük təşkil edir. Neyroblastomalar tez-tez sümük və sümük iliyinə metastik təsir edirdi, lenfomalar isə diaqnoz zamanı sistemli idi. Yekun. Pasiyentlərin yaşı, cinsi və şişlərin bioloji xüsusiyyətlərinin erkən diaqnozu, dəqiq mərhələ və optimal müalicə strategiyalarının seçilməsi üçün əsasdır. Bu amillərin nəzərə alınması xəstələrin proqnozunu, sağ qalma müddətini və həyat keyfiyyətini yaxşılaşdırır.
Keywords: metastazların diaqnostikası, bədxassəli şişlər, yaş, cins
Şıxəliyev Y.Ş., Kazımova L.H., İsmayılova A.S., Əliyev C.Q., Abbasova A.S.
VƏRƏMİN EPİDEMİOLOJİ VƏZİYYƏTİNİN TƏHLİLİNDƏ KƏMİYYƏT VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN ROLU
Xülasə: Giriş. Vərəmin epidemioloji vəziyyətinin düzgün qiymətləndirilməsi yalnız xəstələnmə, xəstəlik və ölüm kimi kəmiyyət göstəricilərinə deyil, həm də klinik struktur, mikobakteriya ifrazı, dərmanlara davamlılıq və təmaslar arasında yoluxma kimi keyfiyyət göstəricilərinə əsaslanmalıdır. Məqsəd. İlkin fəal vərəm xəstələri arasında son beş ildə xəstələnmənin yaş və cins üzrə xüsusiyyətlərini, dərmanlara həssaslıq və davamlılığın rastgəlmə tezliyini, həmçinin təmaslar arasında xəstələnmə və yoluxma göstəricilərini qiymətləndirmək. Material və metodlar. Tədqiqat Azərbaycan Dövlət Statistika Komitəsinin təsdiq etdiyi “Vərəm haqqında” 8 saylı statistik forma və Bakı şəhərinin iki rayonunda ilkin qeydiyyata alınmış fəal vərəm xəstələrinin tibbi sənədləri əsasında aparılmışdır. Yaş, cins, klinik formalar, turşuya davamlı mikobakteriyaların (TDM) ifrazı, ağciyərlərdə dağılma mərhələsi, spesifik dərmanlara həssaslıq və davamlılıq, həmçinin təmaslar arasında tuberkulin reaksiyalarının dinamikası təhlil edilmişdir. Nəticə. Ümumilikdə 786 ilkin fəal vərəm xəstəsi qeydiyyata alınmış, onların 74,9%-də ağciyər vərəmi müəyyən edilmişdir. Xəstələrin 63,1%-i kişi, 36,9%-i qadın olmuşdur. Ağciyər vərəmi xəstələri arasında infiltrativ forma 80,8%, dağılma mərhələsi 49,7%, TDM ifrazı isə 65,9% təşkil etmişdir. Ümumi xəstələrdə dərmanlara həssaslıq 79,0%, spesifik dərmanlara davamlılıq 21,0% olmuşdur. Dərmana davamlı vərəmli 83 xəstə arasında izoniazidə davamlılıq 30,1%, rifampisinə davamlılıq 45,7%, izoniazid və rifampisinə birgə davamlılıq 22,9% təşkil etmişdir. Müşahidə olunan 1993 uşaq və yeniyetmə təmas arasında tuberkulin reaksiyası 76% halda müsbət olmuş, 53 yeni xəstə aşkar edilmişdir. Yekun. Vərəmin epidemioloji vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün kəmiyyət göstəriciləri klinik, bakterioloji, dərmana davamlılıq və təmas göstəriciləri ilə birlikdə təhlil edilməli və əksepidemik tədbirlər bu kompleks qiymətləndirməyə əsaslanmalıdır.
Keywords: vərəm, xəstələnmə, intensiv və ekstensiv göstəricilər, dərmana davamlılıq, skrinninq, epidemioloji gərginlik
Əliyarbəyova A.Ə., Həsənov İ.Ə., Ünal G., Çinar-Asa S.
AĞCİYƏR XƏSTƏLİKLƏRİNDƏ MAKROFAQLARIN MİQRASİYASINI İNHİBƏ EDƏN FAKTORUN EKSPRESSİYASI: GEN EKSPRESSİYASI PROFİLLƏŞDİRİLMƏSİNDƏN İSTİFADƏ ETMƏKLƏ EKSPLORATİV TƏDQİQAT
Xülasə: Makrofaq miqrasiyası İnhibitoru Faktoru (MIF) immun tənzimlənmə və şiş biologiyasında iştirak edən əsas iltihab sitokinidir. Ağciyər xəstəliyində, xüsusən də şiş diferensiasiyası və klinik risklə əlaqəli rolu hələ də tam aydınlaşdırılmamışdır. Bu tədqiqatın məqsədi gen ekspressiyası profilindən istifadə edərək ağciyər xəstəliyiklərində MIF-in ekspressiyasını, histoloji dərəcələr üzrə dəyişkənliyini qiymətləndirmək və klinik risklə əlaqəsini müəyyən etməkdir. İctimaiyyətə açıq məlumat mənbəyindən əldə edilən 442 ağciyər toxuması nümunəsindən mikroarray gen ekspressiyası məlumatları istifadə edilərək ikinci dərəcəli məlumatlara əsaslanan analitik təhlili aparılmışdır. MIF ekspressiyası Affymetrix İnsan Genomu U133A platformasından zond ID 200799_at istifadə edilərək çıxarılmışdır. Nümunələr histoloji diferensiasiyasına əsasən yaxşı, orta və zəif diferensiasiya olunmuş qruplara bölünmüşdür. Statistik təhlillərə təsviri statistika, Welch t-testi, Pearson korrelyasiyası və xətti reqressiya daxil edilmişdir. MIF ekspressiyası şiş diferensiasiyasının azalması ilə əhəmiyyətli dərəcədə artım nümayiş etdirərək, ən yüksək səviyyələr zəif diferensiasiya olunmuş şişlərdə müşahidə edilmişdir (11,05±0,68). Müstəqil t-testlər bütün histoloji qruplar arasında əhəmiyyətli fərqləri təsdiqlədi (p<0,05). Lakin korrelyasiya təhlili klinik risklə zəif və əhəmiyyətsiz bir əlaqəni ortaya qoydu (r=0,06, p=0,20) və reqressiya təhlili minimal proqnozlaşdırma gücünü göstərdi (R²=0,003). MIF ekspressiyası ağciyər xəstəliyində şiş diferensiasiyası ilə əhəmiyyətli dərəcədə əlaqələndirilir, lakin klinik risk üçün proqnozlaşdırma dəyəri yoxdur. Bu məlumatlar MIF-in müstəqil proqnostik biomarker deyil, şiş biologiyasının markeri kimi xidmət etdiyini göstərir.
Keywords: makrofaq miqrasiyası inhibitoru faktoru, ağciyər xərçəngi, gen ekspressiyası, şiş diferensiasiyası
Həsənov M.C., Ağakişiyev A.N., Qarayev Q.Ş.
YANAŞI GEDƏN XƏSTƏLİKLƏRİN XOLESİSTİTİN CƏRRAHİ MÜALİCƏSİNİN NƏTİCƏLƏRİNƏ TƏSİRİ
Xülasə: Öd daşı xəstəliyi (ÖDX) hepatobiliar sistemin ən geniş yayılmış patologiyalarından biridir və onun kəskinləşməsi, yanaşı xəstəliklər və ağırlaşmalar cərrahi taktikanın seçilməsinə və müalicənin nəticələrinə təsir göstərə bilər. Xüsusilə ürək-damar xəstəlikləri, şəkərli diabet və piylənmə perioperativ riskin artması ilə müşayiət olunur. Məqsəd. ÖDX ilə yanaşı gedən xəstəliklərin strukturunu, xəstəliyin ağırlaşmalarını və müxtəlif cərrahi yanaşmalar fonunda müalicə nəticələrini retrospektiv qiymətləndirmək. Material və metodlar. 2015–2025-ci illərdə müxtəlif özəl tibb müəssisələrində ÖDX diaqnozu ilə müayinə və cərrahi müalicə olunmuş 2016 xəstənin tibbi sənədləri təhlil edilmişdir. Ağrıların kəskinləşməsi ilə əlaqələndirilən anamnestik amillər, yanaşı xəstəliklər, ağırlaşmalar, tətbiq edilən cərrahi taktika, əməliyyatdan sonrakı ağırlaşmalar və ölüm halları qiymətləndirilmişdir. Kateqorial göstəricilər mütləq say və faizlə təqdim edilmiş, inferensial statistik testlər aparılmamışdır. Nəticələr. Xəstələrin hamısında əsas şikayət sağ qabırğaaltı nahiyədə kəskin ağrı olmuşdur. Ağrıların kəskinləşməsi 40,0% halda emosional gərginlik, 25,5% halda yağlı və həddindən artıq qida qəbulu, 21,0% halda yağlı qida ilə birlikdə spirtli içki qəbulu ilə əlaqələndirilmişdir. Xəstələrin 60,0%-i oturaq həyat tərzi keçirmiş, 23,0%-də artıq bədən çəkisi müəyyən edilmişdir. Yanaşı xəstəliklər 765 xəstədə (38,0%) qeydə alınmışdır: şəkərli diabet və ya hiperqlikemiya 13,0%, arterial hipertenziya 10,4%, piylənmə 8,5%, ürəyin işemik xəstəliyi 5,0%, bronxial astma 1,3% təşkil etmişdir. Ürəyin işemik xəstəliyi olan təcili əməliyyat edilmiş xəstələrdə ölüm 3,2% olmuş, planlı müalicə qrupunda ölüm qeydə alınmamışdır. Şəkərli diabetli xəstələrdə ikimərhələli müdaxilədən sonra ölüm 15,0%, birmərhələli təcili və planlı əməliyyatlardan sonra müvafiq olaraq 3,0% və 6,0% olmuşdur. Mexaniki sarılıq 32,0%, xroniki pankreatitin kəskinləşməsi 8,0% hallarda müşahidə edilmişdir.
Yekun. Yanaşı kardiometabolik xəstəliklər və ÖDX-nin ağırlaşmaları müalicə taktikasının fərdiləşdirilməsini tələb edir. Təsviri nəticələr əməliyyatdan əvvəl komorbid vəziyyətlərin stabilləşdirilməsinin və multidissiplinar yanaşmanın vacibliyini göstərir.
Keywords: öd daşı xəstəliyi, xolesistit, yanaşı xəstəliklər, xolesistektomiya, cərrahi nəticələr
Orucova S.R.
HƏRBİ QULLUQÇULARIN GÖZ TRAVMALARI HAQQINDA MƏLUMATLILIĞININ ARTIRILMASINDA HƏRBİ-TİBBİ HAZIRLIĞIN ROLU
Xülasə: Məqsəd. Tədqiqat müxtəlif hərbi kontingentlər arasında göz travmaları haqqında məlumatlılıq səviyyəsini, ilkin yardım bacarıqlarını, eləcə də refraktiv cərrahiyyə və əməliyyatdan sonrakı qulluqla əlaqəli bilik fərqlərini qiymətləndirmək məqsədilə aparılmışdır. Material və metodlar. Araşdırmaya ümumilikdə 450 respondent cəlb edilmişdir. Onlardan 205 nəfəri hərbi-tibbi təhsil almış, 245 nəfəri isə bu istiqamətdə hazırlıq keçməmişdir. İştirakçıların orta yaşı müvafiq olaraq 25,9 və 25,0 il təşkil etmişdir. Statistik təhlil SPSS proqramında aparılmış, kəmiyyət göstəriciləri Styudentin t-meyarı, nisbi göstəricilər isə Pirsonun χ² meyarı ilə qiymətləndirilmişdir. p<0,05 statistik əhəmiyyətlilik həddi qəbul edilmişdir. Nəticələr. Məlumatların təhlili göstərmişdir ki, hərbi-tibbi hazırlığı olan şəxslər nüfuzedici, kontuzion, termiki, kimyəvi və fotokimyəvi göz zədələnmələri üzrə bütün bölmələrdə əhəmiyyətli dərəcədə daha çox düzgün cavab vermişlər (p<0,001). Hərbi-tibbi təhsili olmayan iştirakçılar arasında isə yanlış və potensial təhlükəli cavabların payı nəzərəçarpacaq dərəcədə yüksək olmuşdur. Hərbi-tibbi hazırlığı olan respondentlərin 71,2%-i bu məlumatları formal tədris və xüsusi kurslar vasitəsilə əldə etdiyi halda, digər iştirakçılar əsasən ümumi məlumat mənbələrinə istinad etmişlər. Yekun. Tədris proqramlarının təkmilləşdirilməsi, simulyasiya əsaslı məşğələlərin tətbiqi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi hərbi qulluqçular arasında göz zədələnmələri riskinin azalmasına, onların döyüş hazırlığının və tibbi təhlükəsizliyinin yüksəldilməsinə təsir göstərə bilər.
Keywords: göz travmaları, hərbi qulluqçular, hərbi-tibbi hazırlıq, ilkin yardım, məlumatlılıq səviyyəsi, refraktiv cərrahiyyə
Əliyeva A.M., Poluxova A.Ə., Məmmədova N.M.
VAXTINDAN ƏVVƏL DOĞULANLARDA NEKROTİK ENTEROKOLİTİN PATOGENEZİNDƏ TLR4 VƏ SİGİRR GEN PROFİLİ ÜZRƏ DƏYİŞİKLİKLƏRİN ROLU
Xülasə: Məqsəd. Tədqiqatın məqsədi vaxtından əvvəl doğulmuş yenidoğulanlarda nekrotik enterokolitin (NEK) inkişafı zamanı Toll-like reseptor 4 (TLR4) ekspressiyası və SIGIRR geninin metilləşmə profilində baş verən dəyişiklikləri qiymətləndirmək, onların hestasiya yaşı və doğuş kütləsi ilə əlaqəsini araşdırmaq və NEK patogenezində mümkün əhəmiyyətini müəyyən etmək olmuşdur. Material və metodlar. Tədqiqat K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda aparılmış, laborator analizlər İnsan Genetikası Laboratoriyasında və Ankara şəhərində yerləşən DIAGEN və INTERGEN laboratoriyalarında yerinə yetirilmişdir. TLR4 gen ekspressiyası 50 qan nümunəsində real-time polimeraza zəncirvari reaksiyası üsulu ilə qiymətləndirilmişdir. SIGIRR geninin metilləşmə profili 52 qan nümunəsində 36 gen lokusu üzrə təhlil edilmişdir. İştirakçılar doğuş kütləsinə görə 1500 q-dan az və 1500 q-dan çox olan yarımqruplara ayrılmış, NEK olan uşaqlar müvafiq müqayisə qrupları ilə qarşılaşdırılmışdır. Qruplararası fərqlər Mann–Whitney U meyarı ilə, dəyişənlər arasındakı əlaqələr isə Spearman ranq korrelyasiyası ilə qiymətləndirilmişdir; p<0,05 statistik əhəmiyyət həddi kimi qəbul edilmişdir. Nəticələr. TLR4 ΔΔCt göstəricisi hestasiya yaşı ilə mənfi korrelyasiya göstərmişdir (ρ=-0,419; p=0,006); eyni göstərici ilə doğuş kütləsi arasında da mənfi korrelyasiya müəyyən edilmişdir (ρ=-0,424; p=0,006). Doğuş kütləsi 1500 q-dan az olan uşaqlarda SIGIRR geninin %C90, %C100, %C102 və %C258 lokuslarında metilləşmə göstəricilərində müqayisə qrupuna nisbətən fərqlər aşkar edilmişdir. 1500 q-dan çox olan uşaqlarda %C327 və %C123 lokuslarında dəyişikliklər qeydə alınmışdır. SIGIRR metilləşmə göstəriciləri ilə TLR4 parametrləri arasında bir sıra statistik əhəmiyyətli korrelyasiyalar müəyyən edilmişdir. Yekun. Vaxtından əvvəl doğulmuş yenidoğulanlarda NEK TLR4 ekspressiyası və SIGIRR geninin metilləşmə profilində dəyişikliklərlə müşayiət olunur. Hestasiya yaşı və doğuş kütləsi TLR4 göstəriciləri ilə əlaqəli olmuşdur. SIGIRR lokuslarında metilləşmə dəyişiklikləri ilə TLR4 göstəriciləri arasındakı əlaqələr bu iki siqnal mexanizminin NEK patogenezində qarşılıqlı rolunu ehtimal etməyə əsas verir. Bu göstəricilərin erkən diaqnostik və proqnostik əhəmiyyətini müəyyən etmək üçün daha böyük nümunələrdə əlavə tədqiqatlara ehtiyac vardır.
Keywords: göz travmaları, hərbi qulluqçular, hərbi-tibbi hazırlıq, ilkin yardım, məlumatlılıq səviyyəsi, refraktiv cərrahiyyə
Şərifova N.T., Hacıyeva N.N., Tağıyeva A.N.
VAXTINDA DOĞULMUŞ YENİDOĞULMUŞLARDA AĞIR RESPİRATOR DİSTRES ZAMANI SURFAKTANTLA ƏLAQƏLİ GENLƏRİN GENETİK MÜAYİNƏSİ: PRAKTİK HƏKİM ÜÇÜN DİAQNOSTİK YANAŞMA
Xülasə: Respirator distres sindromu (RDS) daha çox vaxtından əvvəl doğulan yenidoğulmuşlarda surfaktant sisteminin funksional yetkin olmaması ilə əlaqələndirilsə də, vaxtında doğulan uşaqlarda inkişaf edən ağır və müalicəyə davamlı RDS-in patogenezində surfaktant metabolizmini tənzimləyən genlərin mutasiyaları mühüm rol oynaya bilər. Bu ədəbiyyat icmalının məqsədi vaxtında doğulan yenidoğulmuşlarda RDS-in inkişafı ilə əlaqəli surfaktant gen mutasiyalarının xüsusiyyətlərini və onların diaqnostik əhəmiyyətini ümumiləşdirməkdir. Ədəbiyyat məlumatlarına əsasən, SFTPB, SFTPC, ABCA3 və NKX2-1 genlərindəki patogen variantlar surfaktantın sintezinin, hüceyrədaxili emalının, daşınmasının və funksiyasının pozulmasına səbəb olaraq neonatal dövrdə ağır tənəffüs çatışmazlığı və sonrakı yaşlarda interstisial ağciyər xəstəlikləri ilə təzahür edə bilər. SFTPD geninin variantları isə daha çox RDS-yə həssaslığın və xəstəliyin gedişinin potensial modifikatorları kimi araşdırılır. Standart risk faktorları olmayan, ekzogen surfaktant və respirator dəstəyə zəif cavab verən vaxtında doğulmuş yenidoğulmuşlarda genetik surfaktant disfunksiyası nəzərə alınmalıdır. Belə hallarda müvafiq genləri əhatə edən panel testlərinin erkən aparılması diaqnozun dəqiqləşdirilməsinə, proqnozun qiymətləndirilməsinə, fərdiləşdirilmiş müalicə taktikasının seçilməsinə və ailəyə genetik məsləhətin verilməsinə imkan yaradır. Gələcəkdə gen, mRNT və zülal əvəzedici terapiyaların tətbiqi bu ağır xəstəliklərin hədəflənmiş müalicəsi üçün yeni imkanlar aça bilər.
Keywords: respirator distres sindromu, pulmonar surfaktant, vaxtında doğulmuş yenidoğulmuşlar, surfaktant disfunksiyası, SFTPB, ABCA3, genetik test
Qasımova F.N., Mehdiyev S.X., Babayeva G.H.
QLÜKOKORTİKOİD TERAPİYASININ YAN TƏSİRLƏRİ: MÜASİR ELMİ BAXIŞLAR VƏ KLİNİK MÜŞAHİDƏLƏR
Xülasə: Məqalədə uzunmüddətli qlükokortikoid (QK) terapiyasının ən mühüm klinik ağırlaşmalarına dair müasir elmi məlumatlar təqdim olunur. Bu ağırlaşmalara metabolik pozğunluqlar, steroid-induksiyalı şəkərli diabet, arterial hipertenziya, ürək-damar ağırlaşmaları, QK-induksiyalı osteoporoz, dəri zədələnmələri və ikincili böyrəküstü vəzi çatışmazlığı daxildir. Xüsusi diqqət glucocorticoid stewardship prinsiplərinə əsaslanan, QK-nin rasional istifadəsinə dair müasir beynəlxalq tövsiyələrə yönəldilmişdir. Bu prinsiplər preparatların minimal effektiv dozada və mümkün olan ən qısa müddət ərzində təyin edilməsini, müalicənin təhlükəsizliyinin müntəzəm monitorinqini və ağırlaşmaların vaxtında profilaktikasını nəzərdə tutur. Təqdim olunan klinik müşahidələr xroniki QK toksikliyinin ağır dəri təzahürlərini nümayiş etdirir və arzuolunmaz təsirlərin erkən aşkar edilməsinin, müalicənin fərdiləşdirilməsinin və pasiyentlərin idarə olunmasında multidissiplinar yanaşmanın vacibliyini vurğulayır.
Keywords: qlükokortikoidlər, yanaşı təsirləri, qlükokortikoid terapiyası, dərman təhlükəsizliyi, glucocorticoid stewardship
Aslanova V.Ə., Qurbanova N.F., Nəzərli C.A.
İgG4 İLƏ ƏLAQƏLi SİSTEM XƏSTƏLİYİ ZAMANI GÖZ TƏZAHÜRÜ
Xülasə: Məqsəd. İgG4 ilə əlaqəli sistem xəstəliyi fonunda gözyaşı vəzisi və tireoid vəzin zədələnməsi ilə müşayiət olunan klinik halın təqdim edilməsi. Material və metodlar. 56 yaşlı qadın pasiyentdə standart oftalmoloji müayinə, Şirmer və Norn sınaqları, laborator analizlər və orbital/abdominal maqnit-rezonans tmoqrafiya müayinələri aparılmışdır. Nəticə. Pasiyentdə ikitərəfli dakrioadenit, göz quruluğu, göz qapaqlarının ödemi, serum İgG4 səviyyəsinin əhəmiyyətli yüksəlməsi aşkar edilmişdir. Revmatoloq tərəfindən İgG4 əlaqəli sistem xəstəliyi diaqnozu qoyulmuş və immunosupressiv müalicə fonunda klinik yaxşılaşma müşahidə edilmişdir. Yekun. Uzunmüddətli dakrioadenit və sistem əlamətləri olan xəstələrdə İgG4 əlaqəli xəstəlik diferensial diaqnostikada nəzərə alınmalı, multidissiplinar yanaşma tətbiq edilməlidir.
Keywords: İgG4 əlaqəli xəstəlik, dakrioadenit, gözyaşı vəzisi, orbita, göz quruluğu

