Əziz Əliyev adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunun
90 illik yubileyinə həsr olunur.
Meybalıyev M.T., İsmayılova N.C.
İÇMƏLİ SUDA STRONSİUM HİPERMİKROELEMENTOZU VƏ ONUN UŞAQLARDA VƏ BÖYÜKLƏRDƏ SÜMÜK TOKUMUNUN İNKİŞAFINA TƏSİRİ
Xülasə: İcmal həm uşaqların, həm də böyüklərin sağlamlığına mənfi təsir göstərə bilən içməli suda olan sabit stronsiumun artan konsentrasiyasının məzmunu ilə bağlı məsələləri əks etdirir. Gigiyenik cəhətdən standartlaşdırılmış dozalarda stabil stronsium zəruri elementdir, kalsium mübadiləsində iştirak edir və kariyes və osteoporozun qarşısını alır. Bununla belə, onun həddindən artıq olması insan sağlamlığına, xüsusən də uşaqların sağlamlığına açıq şəkildə mənfi təsir göstərir və onlarda "stronsium raxit" adlı xəstəliyə səbəb olur.
Qeyd edək ki, içməli suyun tərkibində stronsiumun texnogen radioaktiv izotopları da ola bilər. Bədənə daxil olan 90Sr radioaktiv izotopları sərbəst radikalların - canlı hüceyrələrə çox zərərli təsir göstərən hissəciklərin - əmələ gəlməsinə səbəb olur. Profilaktik tədbirlər məqsədi ilə artezian bulaqlarının çirklənməsi haqqında etibarlı məlumat əldə etmək üçün onların daimi monitorinqini təşkil etmək lazımdır.
Keywords: stabil stronsium, hipermikroelementoz, sıralama, xelatlar, biogeokimyəvi əyalətlər, “stronsium raxiti”, texnogen radionuklidlər
Aydınova P.R., Şirinova X.N.
İLTİHABİ BAĞIRSAQ VƏ AUTOİMMUN TİREOİD XƏSTƏLİKLƏRİNİN MÜŞTƏRƏKLİYİ
Xülasə: Qeyri-spesifik xoralı kolit (QSXK) və Kron xəstəliyi (KX), bağırsağın müxtəlif hissələrini təhlükəli dərəcədə iltihablaşdıran autoimmun mənşəli, tibbi praktikada tez-tez rast gəlinən xroniki təkrarlanan xəstəliklərdir. İltihabi bağırsaq xəstəlikləri (İBX) kimi ümumi adla tanınan bu vəziyyətlər ətraf mühit və immun faktorların birgə təsiri ilə bağırsaqda zədələnmə və iltihaba səbəb olur. Haşimoto və Qreyvs xəstəliyi (QX) qalxanabənzər vəzinin əsas autoimmun patologiyalarıdır. Bu xəstəliklər hipertireoidizm (Qreyvs xəstəliyi ilə əlaqəli) və ya hipotireoidizm (əsasən Haşimoto tireoiditi (HT) ilə əlaqəli) kimi vəzi disfunksiyalarına gətirib çıxarır. Son elmi ədəbiyyatda İBX və QV-nin autoimmun xəstəliklərinin eyni vaxtda rast gəlməsi ilə bağlı məsələlər — onların yayılması, əmələgəlmə mexanizmləri, klinik-diaqnostik xüsusiyyətləri və müalicə prinsipləri — hələ tam şəkildə öyrənilməmişdir. Araşdırmanın məqsədi — son ədəbiyyatlara əsaslanaraq İBX və qalxanabənzər vəzin autoimmun xəstəliklərinin birlikdə rast gəlməsinin klinik aspektlərini qiymətləndirməkdir.
Keywords: Qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi, Haşimoto tiroiditi, Qreyvs xəstəliyi
Əhmədova Z.Q., Qəhrəmanova D.İ., Rəsul İ.T.
ŞƏKƏRLİ DİABET TİP 2 OLAN XƏSTƏLƏRDƏ QLÜKOZA HOMEOSTAZINDA AMİLİN HORMONUNUN ROLU
Xülasə: Şəkərli diabet — bütün orqanizmi zədələyən xroniki xəstəlikdir. Orqanlar bir-bir öz fiziologiyasını və funksiyasını itirirlər. Dünyanın müxtəlif ölkələrində alimlər bu xəstəliyin artımını dayandıracaq metodika tapmaq üçün çalışırlar. Qlükozanın homeostazı bir neçə hormon tərəfindən tənzimlənir: əsasən insulin, amilin, qlükaqon və qlükaqona bənzər peptid (GLP-1). 1986-cı ildə amilinin kəşfindən sonra β-hüceyrələrin qlükoza homeostazındakı rolu daha da artmışdır. Amilin qlükoza üzərində insulinə bənzər şəkər-azaldıcı təsir göstərir, qlükaqonu bloklayır və toxluq hissi yaradır. Amilin qida davranışını idarə edir və arıqlamaya təsir edir. Hipotalamusun toxluq mərkəzi amilin hormonu ilə qarşılıqlı əlaqədədir və bu qarşılıqlı təsirdə amilin leptin hormonu ilə birgə işləyir. Amilin və leptin hormonları arasındakı bu funksional qarşılıqlı əlaqə artıq elmə məlumdur.
Keywords: insulin, amilin, qlükoza, β-hüceyrə, hipotalamus, piylənmə
İbadova Ş.T., Nuriyeva A.A.
YUMURTALIQ ŞIŞLƏRİNİN ERKƏN DİAQNOSTİKASINDA RADİOLOJI TƏDQİQAT METODLARININ ROLU
Xülasə: Yumurtalığın bədxassəli şişləri və onların erkən diaqnostikası onkoginekologiyanın ən çətin problemlərindən sayılır. Şüa metodları yumurtallq şişlərinin erkən differensial diaqnostikasında mühüm rol oynayır. Yumurtallıq törəmələrinin erkən müasir diaqnostikası əsasən ultrasəs müayinəsi (USM), maqnit-rezonans tomoqrafiyası (MRT), kompyuter tomoqrafiya (KT), yayılma dərəcəsini təyin etmək üçün isə pozitron-emission tomoqrafiya (PET) vasitəsi ilə aparılır. Bu metodların hər birinin törəməni aşkar etmək üçün üstün və mənfi cəhətləri var. Şiş prosesinin yayılmasını təyin etmək üçün qarın boşluğunun USM aparılır. KT və MRT-yə nisbətən USM-nin peritonal metastazları aşkar etməkdə məhdudiyyətləri var. USM və MRT şiş kütləsini aşkar etməkdə yüksək həssaslığa malikdir, amma MRT daha spesifik müayinə metodudur. PET toxumanın metabolik dəyişikliklərini qiymətləndirməyə imkan verir. Bu da yumurtalıq xərçənginin bioloji aktivlik haqqında əlavə informasiya verir. Radioloji müayinələrin müştərək istifadəsi yumurtalıq xərçəngini erkən stadiyalarda aşkar etməyə şərait yaradır. Bu isə adekvat müalicəni vatında seçməyə imkan verir.
Keywords: KT, MRT, USM, PET, yumurtalıqların xərçəngi, erkən diaqnostika, radioloji metodlar
Əşrəfov D.S.
DİŞLƏRİN QOYULUŞUNUN ESTETİKASI ÇİXARILAN PROTEZLƏMƏNİN ƏN VACİB AMİLLƏRİNDƏN BİRİ KİMİ
Xülasə: Çıxarıla bilən protezlərlə protezləmə zamanı məqsəd yalnız çeynəmə və nitq funksiyalarının bərpası deyil, həm də itirilmiş dişlərin düzgün və harmonik şəkildə estetik görünüşünü bərpa etməkdir. Hər bir detal əhəmiyyət daşıyır: dişlərin rəngi, onların diş qövsündə yerləşməsi, bir-biri ilə proporsional uyğunluğu. Protezin estetikası — protezin yaratdığı kosmetik təsir kimi qiymətləndirilir; bu təsir insanın gözəlliyinə, cəlbediciliyinə və fərdi xüsusiyyətlərinə təsir göstərir. Bu isə süni dişlərin uyğun forma və rəngdə seçilməsi, eləcə də fərdi estetik nəticəyə nail olmaq üçün onların düzgün kombinasiyasını nəzərdə tutur. Dişlər dodaqları və üzün aşağı hissəsinin yumşaq toxumalarını dəstəkləyir, buna görə onların itkisi insanın xarici görünüşünə ciddi təsir edir. Yaş artdıqca dodaqların elastikliyi və həcmi azalır. Diş dayağını itirdikdə dodaqlar içəriyə doğru çəkilir, yanaqlar isə batıq olur. Diş itkisinə bağlı olaraq çənə sümüklərinin qeyri-bərabər atrofiyası (həcm itkisi) baş verir ki, bu da çənənin irəli və yuxarı çıxmasına səbəb olur. Üzdə az nəzərə çarpan qırışlar dərin xətlərə çevrilir və üz xarakterik qocalıq görünüşü alır.
Keywords: estetika, ortopediya, stomatologiya, süni dişlər, dişlərin düzülüşü
Kərimov S.H., Rzayeva L.F., Teymurova S.İ.
İNSANDA DEMODEKOZ: PROBLEMİN MÜASİR BAXIŞI
Xülasə: Demodekoz insanlarda ən geniş yayılmış dəri xəstəliklərindən biri olaraq qalır və şərti-patogen Demodex folliculorum və Demodex brevis gənələrinin aktivləşməsi ilə əlaqədardır. Son illərdə xəstəliyin artımı immun sisteminin dəyişməsi, stresslər və hormonal, kosmetik vasitələrin geniş istifadəsi ilə izah olunur. Demodex gənələrinin həyat dövrünün, aktivləşmə şəraitinin və dəri mikrobiomu ilə qarşılıqlı əlaqəsinin öyrənməsi xəstəliyin patogenezini anlamaq, diaqnostikanı təkmillləşdirmək və effektiv müalicə və profilaktika üsullarını işləyib hazırlamaq baxımından böyük əhəmiyyət daşıyır.
Keywords: demodekoz, demodeks, Demodex folliculorum, Demodex brevis, demodekozun müalicəsi
Babayev P.N., Əliyev R.R.
PASSİV SİQARETÇƏKMƏNİN ZƏRƏRLİ TƏSİRİ NƏTİCƏSİNDƏ YARANAN PİYLƏNMƏ, QİDA DAVRANIŞININ POZULMASI VƏ ONUN UŞAQLARIN FİZİKİ İNKİŞAFINA, DƏRS MƏNİMSƏMƏSİNƏ, SAĞLAMLIQLARINA ZƏRƏRLİ TƏSİRİNİN AZALDILMASINA DAİR PROFİLAKTİK TƏDBİRLƏRİN GÖRÜLMƏSİ
Xülasə: Məqsəd. Bakıda uşaqlar arasında passiv siqaret çəkmənin piylənməyə məruz qalmasının əsas risk faktorlarını qiymətləndirmək və passiv siqaretin onların sağlamlığına ağırlaşdırıcı təsirini azaltmaq üçün profilaktik tədbirlər hazırlamaq. Material və metodlar. Anket sorğusu, ambulator qeydlər və immunoxromatoqrafik test əsasında bu tədqiqat, ailə passiv siqaretçəkmənin uşaqların sağlamlığına və dərs mənimsəməsinə zərərli təsirinin öyrənilməsinin bir hissəsi kimi aparılmışdır. Passiv siqaretin müxtəlif sosial və gigiyenik aspektlərinə dair yeddi sual dəstindən ibarət sorğu vərəqi hazırlanmışdır. Anket və ambulator qeydlərdən istifadə edərək, antropometrik parametrlər, oğlanlar və qızlar üçün ayrıca hesablanmışdır. Müşahidə məktəblilərin ən önəmli antropometrik yaş qruplarında aparılmışdır. Nəticələr. Yeniyetməlik fizioloji, psixoloji və sosial baxımdan xüsusi bir dövrdür. Yeniyetmələr, eksperimentlər, öz imkanlarını sınamaq və nəticədə riskli davranışa meyllə xarakterizə olunurlar. Yaşından asılı olmayaraq bütün müşahidə olunan şagird qrupları üçün antropometrik orta çəkili kəmiyyətlər hesablanmışdır. Yekun. Tütünçəkmə maddə asılılığı kimi təsnif edilir. Müəyyən edilmişdir ki, nikotin asılılığının patogenezində alfa4 beta2 nikotin reseptorların aktivləşməsi mühüm rol oynayır. Tədqiqatlar göstərir ki, siqaret çəkənlərin müalicəsində fərdi müalicə üsullarının uyğunlaşdırılması çox vacibdir.
Keywords: qida davranışı, bədən çəkisi, piylənmə, siqaret çəkmə
Məmmədbəyov E.N., İsmayılova A.S., Kazımova L.H., Əliyev C.Q., Şıxəliyev Y.Ş., Abbasova A.S.
AĞCİYƏRİN MİKOBAKTERİYA İFRAZI VƏ DAĞILMA BOŞLUĞU İLƏ MÜŞAHİDƏ OLUNAN BİRTƏRƏFLİ İLKİN VƏRƏM XƏSTƏLƏRİNİN MÜALİCƏSİNİN EFFEKTLİYİ
Xülasə: Son illər dünyada vərəmin ÇDD və GDD formaları kəskin artır. Problemin yaranma səbəbi ilkin vərəm xəstələrinin vaxtında aşkar olunmaması və müalicənin effektliyinin aşağı olmasıdır.
Məqsəd. Elmi araşdırmada məqsəd müalicənin effektliyinin öyrənilməsidir.
Metod və müzakirə. Müalicənin effektliyi müalicə kursunun sonuna TDM-in kəsilməsi, dağılma boşluğunun bağlanması, təmas yoluxması və xəstələrdə residiv kimi kriteriyalarla dəyərləndirilmişdir. Araşdırmada müalicə kursunun sonuna aylar üzrə TDM və dağılma boşluğunun bağlanmasının xüsusi çəkisi, uşaq və yeniyetmə təmasları arasında yoluxmanın infeksion allergiyanın “tuberkulinin ötən ilə nisbətən nəticələrinin artması, viraj və hiperergiya” formalarının xüsusi çəkisi müəyyənləşdirilmişdir. Təhlil göstərir ki, müalicənin intensiv mərhələsini stasionarda davamedici mərhələsini isə ambulator alan xəstələr arasında uğurlu nəticə 80%, dağılma boşluğunun bağlanması 50% halda baş vermişdir. Dağılma boşluğu bağlanmayan xəstələr arasında iki il sonra residiv 54.5% halda olmuşdur. Təmaslar arasında yoluxmanın infeksion allergiyanın “tuberkulinin ötən ilə nisbətən nəticələrinin artması, viraj və hiperergiya” formaları optimal səviyyədən 8 dəfə yüksək olur.
Keywords: birtərəfli spesifik zədələnmə, turşuya davamlı mikobakteriya (TDM) ifrazı, dağılma boşluğu (CV)
Tağıyeva N.C., İsayev C.P., Cavadzadə V.N.
BUD-ÇANAQ OYNAĞINDA ENDOPROTEZLƏŞDİRMƏDƏN SONRAKI REABLİTASİYA TƏDBİRLƏRİ
Xülasə: Məqalədə bud-çanaq oynağında protezləşdirmə əməliyyatı aparılmış osteoporozlu xəstələrdə qravitasiya və antirezorptiv terapiya da daxil olmaqla aparılmışş reabilitasiya kompleksinin səmərəliliyi öyrənilmişdir. Reabilitasiya tədbirləri kompleksində qravitasiya terapiyası və rezorbsiya əleyhinə preparatların istifadəsi müalicə kursundan 3 ay sonra ağrıların intensivliyi vizual analoji ağrı şkalasına görə ilkin səviyyədən əhəmiyyətli dərəcədə – 3,2 dəfəyədək (p<0,001) azalmasına səbəb olmuşdur. Xəstələrin funksional fəaliyyətində əhəmiyyətli yaxşılaşma qeyd edilmişdir. Eyni zamanda standart reabilitasiya kompleksi qəbul edən xəstələrlə müqayisədə sümük mineral sıxlığı baxımından osteoporoz əlamətlərində də statistik əhəmiyyətli azalma müşahidə edilmişdir. Bu xəstələrdə sümük toxumasının mineral sıxlığı 12 aydan sonra osteopeniya – 2,16±0,30 səviyyəsinə yüksəlmiş və müsbət dinamika uzun müddət saxlanılmışdır. Sümük mineral sıxlığının artması isə osteoliz proseslərinin ləngtməklə, xəstələrdə endoprotezin erkən qeyri-sabitliyinin qarşısını almağa və periproteztik sınıqların baş vermə ehtimalını azaltmağa imkan verir.
Keywords: reablitasiya, endoprtezləşdirmə, bud-çanaq oynağı
Məmmədov N.Y., Novruzov V.Ş., Bağırlı M.V.
YAŞ QRUPUNUN DİSPLASTİK KOKSARTROZLARDA TOTAL ARTROPLASTİKA NƏTİCƏLƏRİNƏ TƏSİRİ
Xülasə: Giriş. Yaş faktoru displastik koksartrozlu xəstələrdə total bud-çanaq artroplastikasının (TA) nəticələrinə təsir edən mühüm bioloji və klinik determinantlardan biridir. Yaş artdıqca qığırdaq elastikliyi, əzələ tonusu və regenerativ potensial azalır, bu isə reabilitasiya prosesini ləngidə bilər. Bununla belə, müasir cərrahi texnologiyalar və sementsiz implantlar yaş fərqlərinin nəticələrə təsirini minimuma endirir. Məqsəd. Displastik koksartrozlu xəstələrdə yaş qruplarının (≤60 və >60 yaş) total artroplastikadan sonra oynaq hərəkət həcmi (OHH), klinik – funksional (Harris, WOMAC, Merle d’Aubigné–Postel) və həyat keyfiyyəti (SF-36) göstəricilərinə təsirini müqayisəli şəkildə təhlil etmək. Material və metodlar. Prospektiv analitik tədqiqat 129 xəstə (135 oynaq) üzərində aparılmışdır. Qiymətləndirmə əməliyyatdan əvvəl və 12 ay sonrakı dövrdə qoniometriya, Harris, WOMAC, Merle d’Aubigné–Postel və SF-36 göstəriciləri əsasında aparılmışdır. Statistik analizlər SPSS 22.0 proqramında Kruskal–Wallis, Wilcoxon və χ² testləri, həmçinin Bonferroni korreksiyası ilə həyata keçirilmişdir. Nəticələr. Hər iki yaş qrupunda əməliyyatdan sonra bütün göstəricilərdə əhəmiyyətli klinik yaxşılaşma müşahidə olunmuşdur: OHH 9,6-dan 16,6 bala qədər artmışdır (≤60 yaş), Harris balı 43,1-dən 84,0-a yüksəlmişdir, WOMAC indeksi 80-85% azalmışdır, SF-36 fiziki komponenti 38-dən 68-ə, mental komponenti 45-dən 73-ə qədər yüksəlmişdir. Bükülmə bucağında təxminən 80% artım qeydə alınmışdır. Yaşlı qrupda nəticələr bir qədər aşağı olsa da, fərqlər statistik baxımdan əhəmiyyət daşımamışdır (p>0,05). Heterotopik ossifikasiya, cins və Crowe tipi üzrə fərqlər də statistik baxımdan əhəmiyyətli olmamışdır. Yekun. Yaş faktoru displastik koksartrozlarda total artroplastika nəticələrinə statistik baxımdan mühüm təsir göstərmir. Hər iki yaş qrupunda klinik və funksional bərpa səviyyəsi yüksək olmuşdur. Xronoloji yaş məhdudiyyət deyil; əməliyyat qərarı xəstənin ümumi funksional vəziyyəti, sümük keyfiyyəti və reabilitasiya potensialı əsasında verilməlidir.
Keywords: displastik koksartroz, total bud-çanaq artroplastikası, oynaq hərəkət həcmi, Harris bud-çanaq şkalası (HBŞ), WOMAC indeksi
Hüseynov Q.A.
QAN KOMPONENTLƏRİNİN HAZIRLANMASINDA
KEYFİYYƏTİN TƏMİN EDİLMƏ XÜSUSİYYƏTLƏRİ
Xülasə: Qan məhsullarının istehsalında mənbə materialı insan olduğu üçün, qan banklarında qan tədarükü və hazırlanmasının təhlükəsiz aparılması keyfiyyət təminatının ən mühüm göstəricisidir. Aparılmış tədqiqatlar göstərir ki, qan məhsullarının keyfiyyət göstəricilərinə qan tədarükündə istifadə edilən ləvazimat və cihazların, eləcə də laborator müayinələrin, saxlanma və daşınma prosedurlarının böyük təsiri vardır. Bu məqalədə ölkəmizdə qan məhsullarının tədarükü, komponent hazırlanması və saxlanması problemləri müzakirə edilir. Ayrı-ayrı əməliyyat prosedurlarının xüsusiyyətləri təhlil edilir.
Keywords: qan komponentləri, leykosit filtrasiyası, plazma zülalları, faktor konsentratları
Şixəliyeva F.Ə., Əhmədbəyli C.R.
PERİ-İMPLANT XƏSTƏLİKLƏRİ OLAN XƏSTƏLƏRİN HƏYAT KEYFİYYƏTİNİN YAXŞILAŞDIRILMASINDA HİALURON TURŞUSUNUN EFFEKTİVLİYİ
Xülasə: Tədqiqatın məqsədi hialuron turşusunun istifadəsinin perimukoziti olan xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasına təsir dərəcəsini öyrənmək idi. Material və metodlar. Xəstələr üç qrupa bölünmüşdür: Nəzarət qrupu (20 xəstə) - xəstələrdə ərpin mexaniki olaraq xüsusi plastik küretlırdın istifadısi ilə aradan qaldırılması; Şərti nəzarət qrupu (20 xəstə) - həkim tərəfindən Master Piezon EMS cihazı vasitəsi ilə ərpin aradan qaldırılması və xəstə tərəfindən 0,05% xlorheksidin biqlükonat tərkibli antiseptikin istifadəsi; Əsas qrup (20 xəstə) - Master Piezon EMS cihazı vasitəsi ilə ərpin aradan qaldırılması və xəstə tərəfindən hialuron turşusu (Hy+Al Gel) tərkibli məhsulun istifadəsi. Hər üç qrupda xəstələrin ağız boşlugundan müalicədən əvvəl və müalicədən (3 ay) sonra qruplar üzrə müqaisəvi klinik müayinə (OHIP-14-RU anketi tədqiq olunmuşdur. Nəticələr. Hazırkı tədqiqatlar zamanı əldə edilən nəticələrin təhlili göstərdi ki, 1, 2 və 3-cü qruplardakı xəstələr müalicə və profilaktik tədbirlərə başlamazdan əvvəl peri-implant xəstəliklərin inkişafı fonunda həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə pisləşmişdir. 3 aylıq müalicədən sonra hialuron turşusuna əsaslanan preparatın tətbiqindən sonra həyat keyfiyyəti əsas məlumatlar və digər iki qrupun məlumatları ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Keywords: perimukozit, risk faktorları, həyat keyfiyyəti, OHIP-14, hialuron turşusu
Taciyeva N.U., Samibayeva U.X.
YANAŞI XRONİKİ PATOLOGİYASI OLAN XƏSTƏLƏRDƏ COVID-19-UN AĞIR GEDİŞİ İLƏ ASSOSİASİYA OLUNAN ENDOTEL DİSFUNKSİYASININ MARKERİ KİMİ DAMAR ENDOTELİAL BÖYÜMƏ FAKTORU VEGF-A-NIN ƏHƏMİYYƏTİ
Xülasə: 2020-2022-ci illər ərzində yeni koronavirus infeksiyası (COVID-19) ilə xəstəxanaya yerləşdirilmiş 163 xəstə arasında prospektiv tədqiqat aparılmışdır. Epidemiologiya, mikrobiologiya, yoluxucu və parazitar xəstəliklər üzrə Respublika Xüsusiləşdirilmiş Elmi-Praktiki Tibb Mərkəzi və Səmərqənd Vilayət Xüsusiləşdirilmiş Tibb Mərkəzinin klinikalarında aparılan bu tədqiqatda serumda damar endotelial böyümə faktorunun (VEGF-A) səviyyəsi immunoferment analiz metodu ilə müəyyən edilmişdir. Araşdırmamız göstərmişdir ki, endotelial disfunksiya markerinin — damar endotelial böyümə faktoru VEGF-A-nın səviyyəsi xəstənin cinsi, yaşı, xəstəliyin ağırlıq dərəcəsi və yanaşı xəstəliklərin mövcudluğu ilə əlaqəlidir. Bundan əlavə, iltihab markerlərinin və endotelial disfunksiya göstəricisi olan VEGF-A faktorunun monitorinqi həm xəstənin xəstəxanaya qəbul olunduğu anda, həm də erkən rekonvalessensiya dövründə ürək-damar fəsadlarının inkişafı üçün risk faktorlarını müəyyən etmək baxımından əhəmiyyətlidir.
Keywords: COVID-19, komorbidlik, damar endotelial böyümə faktoru (VEGF-A), endotelial disfunksiya
Abbasova H.N., Bayramov N.Y.
PSİXOMOTOR İNKİŞAF POZĞUNLUĞU İLƏ ASSOSİASİYA OLUNAN NADİR İKİLİ XROMOSOM ANOMALİYASI: “PİŞİK ÇIĞIRTISI” SİNDROMU (DELESİYA 5p15.1) və 14q32.12–qter DUPLİKASİYASI İLƏ MÜŞAHİDƏ OLUNAN KLİNİK HAL
Xülasə: Bu məqalədə prenatal dövrdə ultrasəs müayinəsində müəyyən edilmiş bətndaxili inkişaf ləngiməsinin doğuşdan sonra ağır psixomotor gerilik, kraniofasial dismorfik əlamətlər və neyropsixiatrik pozğunluqlarla təzahür etdiyi nadir klinik hal təsvir olunur. Hadisə tibbi-genetik məsləhətin həm antenatal, həm də postnatal mərhələlərdə zəruriliyini göstərir. Azərbaycanda fetosid prosedurunun tətbiq edilməməsi səbəbindən, prenatal müayinə zamanı ciddi qüsurlar aşkar edildikdə belə, hamiləlik süni doğuşla sonlandırılır, lakin dölün həyatı saxlanılır. Tədqiq olunan pasiyent 28-ci həftədə, 1100 qram çəki ilə doğulmuş, yenidoğan dövründən kraniofasial dismorfizm, əzələ hipotoniyası və oval dəliyin açıqlığı müşahidə olunmuşdur. Dörd yaşında uşaqda oturma, danışma və göz kontaktı formalaşmamış, ağır əqli gerilik qeydə alınmışdır. Nüsxə sayına görə dəyişikliklər analizində iki xromosom anomaliyasının — del 5p15.1 (“Pişik çığırtısı” sindromu) və dup 14q32.12-qter — eyni zamanda mövcudluğu müəyyən edilmişdir. Bu müşahidə prenatal inkişaf pozğunluqlarının və ikili xromosom anomaliyasının kompleks klinik təzahürünü əks etdirir.
Keywords: psixomotor inkişaf pozğunluqları (PİP), Pişik çığırtısı” sindromu, xromosom anomaliyası, fetosid
Novruzov E.H., Qarayev İ.C., Əliyev R.R.
HİDROSEFALİYANIN VENTRİKULO-PERİTONEAL ŞUNTLAMA ÜSULU İLƏ CƏRRAHİ MÜALİCƏSİNİN NƏTİCƏLƏRİ HAQQINDA
Xülasə: Tədqiqatın məqsədi: hidrosefaliyanın müxtəlif formalarından əziyyət çəkən müxtəlif yaşda olan xəstələrin ventrikulo-peritoneal şuntlama əməliyyatının nəticələrini təhlil etmək. Material və metodlar. Bu iş Azərbaycan tibb Universitetinin Tədris-cərrahiyyə klinikasında "hidrosefaliya" diaqnozu ilə 60 xəstənin 2014-cü ildən 2025-ci ilə qədər müalicə olunan klinik vəziyyətinin öyrənilməsinə və hərtərəfli təhlilinə əsaslanır. Bütün xəstələrə ventrikulo-peritoneal şuntlama əməliyyatı olunub. Xəstələr arasında 39 (65%) kişi 21 (35%) qadın olub. Xəstələrin yaşı 1 aydan 76 yaş arasında olub. Hidrosefaliyanın müalicəsi və nəticələr. Hidrosefaliya cərrahi patologiyadır. Hidrosefaliya üçün ən çox istifadə olunan və effektli müalicə ventrikulo-peritoneal şuntlama əməliyyatıdır. Bu üsul beynin lateral mədəciyinin (daha çox sağ) kateterizasiyasına və qarın boşluğu ilə əlaqə yaradılmasına əsaslanır. İntrakranial təzyiqi tənzimləmək üçün şunt kateterləri arasında bir pompa (klapan mexanizmi) quraşdırılır və kəllə tağı sümüklərinə fiksə edilir. 60 belə əməliyyatın nəticələri əməliyyatdan sonrakı dövrdə xəstələrin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması idi. Yekun. Hidrosefaliyanın (baş beyin KT və MRT müayinəsi) erkən diaqnostikası beyin atrofiyasının intensiv böyüməsinin və geridönməz nevroloji simptomların inkişafının qarşısını almaq üçün əsas amildir. Şunt əməliyyatlarının vaxtında aparılması beyin parenximasının quruluşu və funksiyalarının pozulmasının qarşısını alaraq xəstənin ali sinir fəaliyyətinin daha erkən bərpasının zaminidir.
Keywords: hidrosefaliya, beyin-onurğabeyin mayesi, kəllədaxili hipertenziya
Həsənova M.Q.
HAMİLƏLİK VƏ NEFROTİK SİNDROM
Xülasə: Hamiləlik zamanı yaranmış nefrotik sindrom (NS) nadir patologiyadan biridir. Uzun müddət NS xroniki glomerulonefritlə əlaqələndirilirdi. Lakin son illər NS klassik mamalıq patalogiyasının – preeklampsiyanın (PE) əlaməti kimi ola bilir. Massiv proteinuriya NS-la erkən yaranmış PE diaqnostikasını çətinləşdirir, xüsusən PE erkən , hamiləliyin 20-ci həftəsindən öncə, inkişaf edir. Bu gün PE klassik kriteriyalarına uyğun gəlmədiyindən artıq “atipik PE” termini istifadə olunur. Məqalədə təqdim etdiyimiz klinik hadisədə erkən (14-15 həftəlik) hamiləlikdə yaranmış ağır PE-lı pasientin hamiləliyin aparılması təsvir olunmuşdur. Anamnezində böyrək patologiyası olmayan hamilə qadının erkən dövrdə NS yaranması, ilk növbədə PE inkar olunmasını tələb edir.
Keywords: nefrotik sindrom, atipik preeklampsiya, erkən preeklampsiya
Hüseynova N.N., Qasımova F.N., Nur-Məmmədova G.S.
HAMİLƏLİKDƏ HİPERTENZİV VƏZİYYƏTLƏRİN DİAQNOSTİKA VƏ MÜALİCƏ PRİNSİPLƏRİ
Xülasə: Hamiləlik dövründə arterial hipertenziya (AH) mamalıq praktikasında ana və dölün sağlamlığına təsir edən ciddi problemdlərdən biridir. Hamiləlik dövründə ortaya çıxan AH-ya xroniki AH, gestasion AH, preeklampsiya və eklampsiya daxildir. Hər bir hamilə qadının vəziyyətinə, AH-nin səviyyələrinə və digər klinik əlamətlərin mövcudluğuna əsaslanır. Məqalədə hamiləlik dövründə AH-nın diaqnozu və müalicəsinə müasir yanaşmalar, o cümlədən təsnifatı, riskləri və monitorinq üsulları müzakirə olunur.
Keywords: hamiləlik, arterial hipertenziya, preeklampsiya, eklampsiya, antihipertenziv terapiya