| YAŞ QRUPUNUN DİSPLASTİK KOKSARTROZLARDA TOTAL ARTROPLASTİKA NƏTİCƏLƏRİNƏ TƏSİRİ Məmmədov N.Y., Novruzov V.Ş., Bağırlı M.V. DOI: 10.61775/2413-3302.v4i42.10
XÜLASƏ Giriş. Yaş faktoru displastik koksartrozlu xəstələrdə total bud-çanaq artroplastikasının (TA) nəticələrinə təsir edən mühüm bioloji və klinik determinantlardan biridir. Yaş artdıqca qığırdaq elastikliyi, əzələ tonusu və regenerativ potensial azalır, bu isə reabilitasiya prosesini ləngidə bilər. Bununla belə, müasir cərrahi texnologiyalar və sementsiz implantlar yaş fərqlərinin nəticələrə təsirini minimuma endirir. Məqsəd. Displastik koksartrozlu xəstələrdə yaş qruplarının (≤60 və >60 yaş) total artroplastikadan sonra oynaq hərəkət həcmi (OHH), klinik - funksional (Harris, WOMAC, Merle d’Aubigné-Postel) və həyat keyfiyyəti (SF-36) göstəricilərinə təsirini müqayisəli şəkildə təhlil etmək. Material və metodlar. Prospektiv analitik tədqiqat 129 xəstə (135 oynaq) üzərində aparılmışdır. Qiymətləndirmə əməliyyatdan əvvəl və 12 ay sonrakı dövrdə qoniometriya, Harris, WOMAC, Merle d’Aubigné-Postel və SF-36 göstəriciləri əsasında aparılmışdır. Statistik analizlər SPSS 22.0 proqramında Kruskal-Wallis, Wilcoxon və χ² testləri, həmçinin Bonferroni korreksiyası ilə həyata keçirilmişdir. Nəticələr. Hər iki yaş qrupunda əməliyyatdan sonra bütün göstəricilərdə əhəmiyyətli klinik yaxşılaşma müşahidə olunmuşdur: OHH 9,6-dan 16,6 bala qədər artmışdır (≤60 yaş), Harris balı 43,1-dən 84,0-a yüksəlmişdir, WOMAC indeksi 80-85% azalmışdır, SF-36 fiziki komponenti 38-dən 68-ə, mental komponenti 45-dən 73-ə qədər yüksəlmişdir. Bükülmə bucağında təxminən 80% artım qeydə alınmışdır. Yaşlı qrupda nəticələr bir qədər aşağı olsa da, fərqlər statistik baxımdan əhəmiyyət daşımamışdır (p>0,05). Heterotopik ossifikasiya, cins və Crowe tipi üzrə fərqlər də statistik baxımdan əhəmiyyətli olmamışdır. Yekun. Yaş faktoru displastik koksartrozlarda total artroplastika nəticələrinə statistik baxımdan mühüm təsir göstərmir. Hər iki yaş qrupunda klinik və funksional bərpa səviyyəsi yüksək olmuşdur. Xronoloji yaş məhdudiyyət deyil; əməliyyat qərarı xəstənin ümumi funksional vəziyyəti, sümük keyfiyyəti və reabilitasiya potensialı əsasında verilməlidir. Açar sözlər: displastik koksartroz, total bud-çanaq artroplastikası, oynaq hərəkət həcmi, Harris bud-çanaq şkalası (HBŞ), WOMAC indeksi ƏDƏBİYYAT
|