| No.2 (40) | 2025 Nəsirova R.İ., Hacıyeva A.İ.
Xülasə: Piylənmə müasir səhiyyənin aktual problemlərindən biri olmaqla yanaşı,bir sıra ciddi xəstəliklərə səbəb olaraq insanların həyat keyfiyyətinə önəmli təsir göstərir. Hazırda piylənmənin ən effektiv müalicə üsullarından biri bariatrik cərrahiyyədir. Bu icmalın məqsədi bariatrik cərrahiyyə zamanı perioperasion dövrün anestezioloji aspektlərini qiymətləndirmək, xəstənin təhlükəsizliyini və optimal nəticəni təmin edən müasir yanaşmaları təqdim etməkdir. Preoperasion mərhələdə çətin hava yolu, obstruktiv yuxu apnoesi və yanaşı xəstəliklərin qiymətləndirilməsi önəmlidir. İntraoperasion dövrdə videolaringoskopiya, optimal ventilyasiya, pozisiyalaşdırma və opioidsiz analgeziya metodları tövsiyə olunur. Postoperasion mərhələdə isə multimodal analgeziya, tənəffüs monitorinqi və erkən mobilizasiya xəstə nəticələrini yaxşılaşdırır. Bariatrik əməliyyatlar zamanı sübuta əsaslanan anestezioloji yanaşmaların tətbiqi perioperasion ağırlaşmaların azaldılmasına və reabilitasiyanın sürətlənməsinə töhfə verir. Anestezioloq-cərrah əməkdaşlığı və fərdiləşdirilmiş yanaşma bu prosesin əsasını təşkil edir. Məqalədə piylənmənin anestezioloji idarəetməyə təsiri, perioperasion dövrdə yaranan önəmli problemlər və onların müasir həll yolları müzakirə olunur və gələcək tədqiqatlar üçün istiqamətlər müəyyənləşdirilir. Huseynli R.A., Musayev E.R., Mahmudov T.G.
Xülasə: Şaquli preparasiya metodikası stomatologiyada estetik və bioloji cəhətdən yönümlü protezləmə məqsədilə tətbiq olunur. Bu metod əsasən taclar və vinirlər üçün istifadə edilir, dişin strukturunu maksimum dərəcədə qoruyaraq, diş əti səviyyəsində və ya bir qədər aşağıda işləməyə imkan verir. Bu zaman toxumalarla daha yaxşı uyğunlaşma və sağalma üçün hamar bir interfeys yaradılır ki, bu da restavrasiyaların uzunömürlülüyünü və təbii görünüşünü təmin edir. Xüsusilə BOPT (Biologically Oriented Preparation Technique) konsepsiyası ilə birlikdə tətbiq edildikdə yüksək effektivlik göstərir. Sirkonium dioksidi tacların hazırlanmasında istifadə olunan ən möhkəm materiallardan biridir. O, möhkəmlik baxımından keramikadan 4 dəfə üstün olsa da, estetik xüsusiyyətlərinə görə ondan geri qalmır. Parodontoz zamanı ön dişlərin protezlənməsinə ehtiyac yarandıqda, stomatoloqlar məhz sirkonium taclara üstünlük verməyi tövsiyə edirlər. Bu materialın böyük üstünlüklərindən biri diş əti nahiyəsində bakteriyaların yığılmasının qarşısını almasıdır. Digər vacib məqam isə ondan ibarətdir ki, sirkonium tacların quraşdırılması zamanı dişlər digər materiallardan hazırlanan taclarla müqayisədə xeyli az yonulur. Məqalədə parodontitli xəstələrin müalicəsində sirkonium tacların effektivliyini təsdiqləyən klinik tədqiqatların məlumatları, həmçinin Vertiprep metodikasının taclarla birlikdə tətbiqinin nəticələri təqdim olunur. Mehdizadə S.Q., Vekilov.V.N.
Xülasə: Qeyri-kiçik hüceyrəli ağciyər xərçəngində (QKHAX) MET genindəki dəyişikliklərin hədəflənə bilən molekulyar marker kimi klinik praktikaya daxil olması və proqnozla bağlı qeyri-müəyyənliklər bu mövzunu müasir onkologiyada aktual tədqiqat istiqamətlərindən birinə çevirmişdir. Məqsəd. QKHAX olan və MET genində mutasiya aşkar edilmiş pasiyentlərin klinik və demoqrafik xüsusiyyətlərini kompleks şəkildə təhlil etmək, mutasiyaların şişin aqressivliyi və risk faktorları, o cümlədən siqaret istifadəsi ilə mümkün əlaqəsini qiymətləndirməkdir. Material və metodlar. Retrospektiv tədqiqatda 2014–2024-cü illərdə FFPE nümunələr üzərində real-time PCR metodu ilə molekulyar analiz aparılmış 187 pasiyent daxil edilmişdir. Onlardan 16-sında MET mutasiyası müəyyən edilmişdir. Pasiyentlər yaş, cins, histoloji dərəcə və siqaret istifadəsi üzrə qruplaşdırılmış və statistik təhlil aparılmışdır. Nəticələr və müzakirə. MET mutasiyasına malik pasiyentlərin əksəriyyəti 65 yaşdan yuxarı, kişilər üstünlük təşkil etmişdir. Xəstələrin 81,25%-də yüksək histoloji dərəcə (G3–G4) qeydə alınmışdır. Pasiyentlərin 56,25%-i siqaret istifadə etmişdir, lakin ROC analizi tütün istifadəsi ilə şişin aqressivliyi arasında statistik əhəmiyyətli əlaqə göstərməmişdir. Bu nəticələr MET mutasiyalarının klinik təsirlərinin mürəkkəb xarakter daşıdığını və əlavə tədqiqatlara ehtiyac olduğunu göstərir. Yekun. Tədqiqat molekulyar diaqnostikanın və fərdiləşdirilmiş terapiyanın vacibliyini vurğulayır. MET mutasiyalarının proqnostik və terapevtik rolu haqqında əlavə araşdırmaların aparılması tövsiyə olunur. Babayeva G.H., İbrahimli H.İ.
Xülasə: İltihabi bağırsaq xəstəliyi (İBX) olan xəstələrə erkən diaqnoz, vaxtında və adekvat tibbi yardım problemi daxili xəstəliklər praktikasında aktual istiqamət olaraq qalır. Məqsəd. Azərbaycanda İBX olan xəstələrdə klinik gedişatının və konservativ müalicə üsullarını təhlil etmək. Materiallar və metodlar. Respublikanın müxtəlif regionlarından laboratoriya, endoskopik və patoloji müayinələrdən keçmiş 446 xəstənin (xoralı kolit (n=231), Kron xəstəliyi (n=190), mikroskopik kolit (n=20) və diferensiasiya edilməmiş kolit (n=5)) məlumat bazası təhlil edilmişdir. Nəticələr. Bu xəstə qrupunun demoqrafik və sosial-iqtisadi xüsusiyyətləri, o cümlədən xəstəliyin başlanğıcındakı orta yaş və diaqnozun qoyulma vaxtı (minimum və maksimum), əlillik vəziyyəti, klinik gedişat xüsusiyyətləri (fəsadlar və ekstraintestinal təzahürlər daxil olmaqla) və konservativ müalicə variantları təhlil edilmişdir. Yekun. İlkin xəstələr arasında ağır/mürəkkəb formaların yayılması, differensial diaqnostikada çətinliklər və tibbi yardımın mərhələlərində davamlılığın olmaması İBX xəstələrin vahid milli klinik reyestrinin yaradılmasını zəruri edir. Ağazadə H.R., Cascone P., Di Paolo C., Ağazadə A.R.
Xülasə: Gicgah-çənə oynağı (GÇO) çeynəmə sisteminin vacib hissəsidir və onunla əlaqəli ağrılar stomatoloji praktikanın geniş yayılmış problemlərindən biridir. Bu tədqiqatın məqsədi GÇO ilə bağlı ağrı sindromlarını və onların epidemioloji xüsusiyyətlərini 1990–1993, 2000–2003 və 2010–2013-cü illər üzrə klinik və statistik baxımdan təhlil etməkdir. Tədqiqata təsadüfi seçim yolu ilə 387 pasiyent daxil edilmişdir. Demoqrafik, klinik və funksional göstəricilər təhlil olunmuşdur. Nəticələr GÇO ilə bağlı ağrıların xüsusiyyətlərində və risk faktorlarının paylanmasında illər üzrə baş vermiş dəyişiklikləri əks etdirir. Xıdırov E.Ə., İsayev N.N.
Xülasə: Məqsəd. Qadınlarda süd vəzi xərçənginin bədxassəlilik dərəcəsi, zonası və morfoloji forması ilə əlaqədar olaraq qan damarlarının və parenximatoz hüceyrələrin immunohistokimyəvi xüsusiyyətlərini öyrənmək olmuşdur. Material və metodlar. Tədqiqatda süd vəzi xərçənginin 30 halı araşdırılmışdır (tubulyar forma – 10, selikli – 10, skirroz – 10). Əldə edilən məlumatlar variasion-statistik analizə məruz qoyulmuşdur. Şişdaxili damarların identifikasiyası və endoteliositlərin aşkarlanması üçün immunohistokimyəvi üsullardan istifadə edilmişdir. Nəticələr. Tədqiqat nəticəsində süd vəzi xərçənginin tubulyar formasında mərhələ və zonadan asılı olaraq mərkəzi zonada aşağıdakı göstəricilər əldə edilmişdir: I dərəcə – 3,42±0,47%; II dərəcə – 4,10±0,66%; III dərəcə – 5,24±0,74%. Süd vəzinin skirroz xərçəngində mərkəzi zonada CD31 ekspressiyasının göstəriciləri aşağıdakı hədlərdə dəyişmişdir: I dərəcə – 1,71-4,81; II dərəcə – 2,20-5,90; III dərəcə – 3,31-7,50. Selikli (musinoz) xərçəngin immunohistokimyəvi xüsusiyyətlərinin öyrənilməsi göstərir ki, mərkəzi zonada ekspressiya səviyyəsi belə dəyişir: I dərəcə – 1,41-4,50; II dərəcə – 1,72-4,70; III dərəcə – 0,51-6,91. Yekun. Müəyyən edilmişdir ki, şiş toxumasında CD31 ekspressiyası kəskin dəyişkənlik göstərir və əsasən şişin differensiasiya dərəcəsindən asılıdır – differensiasiya dərəcəsi artdıqca, yəni xərçəngin bədxassəlilik səviyyəsi yüksəldikcə ekspressiya səviyyəsi də artır. Qurbanova N.F., Aslanova V.A., Abdiyeva Y.D., Məhərrəmova S.M.
Xülasə: Allergik konyunktivitin klinik formaları arasında pollinoz konyunktivit ən çox yayılmışdır. Dəqiq diaqnoz və düzgün və vaxtında müalicə konyunktiva və göz qapaqlarının çapıqlanması kimi fəsadların qarşısını ala bilər. Xəstələrin 49,3%-də müalicə ilə 2-3 həftə ərzində kəskin papilyar böyümələr azaldı. Allergik konyunktivit üçün istifadə edilən əsas dərmanlar antihistaminlər və şişkinləşmiş hüceyrələrinin deqranulyasiyasının qarşısını alan dərmanlardır. Bundan əlavə, belə xəstələrdə ağırlaşmaların qarşısını almaq üçün qeyri-steroid iltihabəleyhinə preparatlar, kortikosteroidlər, liposomal damcılar (məsələn, siklosporin A), həmçinin antibakterial və iltihabəleyhinə təsiri olan birləşmiş dərmanlardan istifadə etmək məsləhətdir. Kazımova M.M., Qədimova E.Ə., Yusifova N.Y., Əlizadə G.Ə., Hüseynov Q.A.
Xülasə: Məqsəd. Azərbaycanın regionlarında, xüsusən iqtisadi və inzibati rayonlarında hemofiliyanın yayılmasının öyrənilməsi. Material və metodlar. Tədqiqatın təqdim olunan hissəsi Azərbaycanın 4 iqtisadi (Naxçıvan, Lənkəran, Şəki-Zaqatala, Quba-Xaçmaz) və 17 inzibati (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən) rayonunun məlumat bazasına əsaslanmışdır. İlkin məlumat kimi Respublika Klinik xəstəxanasının hematologiya şöbəsində və onun bazasında yerləşən ADHTİ-nin hematologiya kafedrasının hemofiliya registrinin məlumatları istifadə olunmuşdur. Nəticələr və müzakirə. İqtisadi rayonlar üzrə hemofiliyanın bütün əhali arasında yayılma səviyyəsinin nisbətən aşağı göstəricisi Lənkəranda (7,5±0,90/0000; 95% etibarlılıq intervalı 5,7-9,30/0000), yüksək göstəricisi isə Quba-Xaçmaz bölgəsində (10,8±1,40/0000; 95 % etibarlılıq intervalı 8,0-13,60/0000) qeydə alınmışdır. Azərbaycanın Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz və Naxçıvan iqtisadi rayonlarında əhali arasında hemofiliya xəstəliyinin yayılması (müvafiq olaraq: 7,8±1,1; 7,5±0,9; 10,8±1,4 və 7,7±1,30/0000) ölkə üzrə ümumi səviyyədən (17,2±0,40/0000) statistik dürüst azdır və Belarusiyanın regionları səviyyəsinə (7,6-10,20/0000) yaxındır. Bu iqtisadi rayonlar Azərbaycanda hemofiliya xəstəliyinin nisbətən az yayıldığı rayonlarına aiddirlər. Amma iqtisadi rayonlardan fərqli olaraq inzibati rayonlar arasında hemofiliya xəstəliyinin yayılmasının səviyyəsi daha geniş intervalda (1,8-22,20/0000) dəyişir. Hemofiliyanın ən az müşahidə olunduğu rayonlara Balakən, Qax, Astara, Lənkəran və Qusar aiddir (≤6,30/0000). Yekun. Hemofiliya xəstəliyinin nisbətən az yayıldığı Şəki-Zaqatala (7,8±1,10/0000), Lənkəran (7,5±0,90/0000), Quba-Xaçmaz (10,8±1,40/0000) və Naxçıvan (7,7±1,30/0000) iqtisadi rayonları bir-birindən xəstəliyin yayılma səviyyəsinə görə dürüst fərqlənirlər (p<0,05). İnzibati rayonlar arasında hemofiliya xəstəliyinin yayılmasına görə fərq daha böyükdür (1,80/0000-dən 22,20/0000-ə qədər), xəstəliyin riski Şəki, Yardımlı, Şabran və Siyəzən rayonlarında (≥11,80/0000) əhəmiyyətli dərəcədə yüksəkdir. Rüstəmova K.M., Əhmədova Z.Q.
Xülasə: Məqalədə ultrasəs densitometriyası istifadə edərək erkən menopauza və vaxtından əvvəl yumurtalıq çatışmazlığı (VYÇ) olan qadınlarda sümük toxumasının mineral sıxlığının (STMS) vəziyyətinin qiymətləndirilməsinin nəticələri və bu qruplarda sümük kütləsindəki dəyişikliklərin xüsusiyyətləri təqdim olunur. Tədqiqata erkən menopauzlu 21 qadın (I qrup), VYÇ-lı 55 qadın (II qrup) və müntəzəm aybaşı dövrü olan reproduktiv yaşlı 20 qadın (nəzarət qrupu) daxil edilmişdir. Sümük mineral sıxlığındakı dəyişikliklərin strukturunun təhlili göstərdi ki, I qrupdakı qadınlar arasında 4,8%-də, II qrupdakı qadınlar arasında 27,3%-də normal sümük sıxlığı (p=0,032) aşkar edilmişdir. I qrupda qadınların 85,7%-də və II qrupda qadınların 58,2%-də osteopeniya aşkar edilmişdir (p=0,024); I qrupda xəstələrin 9,5%-də və II qrupda xəstələrin 14,5%-də osteoporoz aşkar edilmişdir (p=0,563). Erkən menopoz və VYÇ olan qadınlarda sümük mineral sıxlığında azalma, əsasən osteopenik T-meyar dəyərləri diapazonunda müşahidə edilmişdir. Osteoporozun rastgəlmə tezliyi hər iki qrupda müqayisə edilə bilərdi, lakin erkən menopauzlu qadınlarda Z-meyar dəyərləri daha aşağı olurdu. Əldə edilən nəticələr, hipoestrogenik vəziyyətləri olan, xüsusən də erkən menopauza başlayan qadınlarda sümük mineral sıxlığı pozğunluqlarının erkən diaqnozunun və osteoporozun qarşısının alınmasının zəruriliyini vurğulayır. Ələkbərov M.M., Rəsulova R.İ., Babayev P.N., Musayev R.H., Süleymanlı G.Q., Göyüşova N.C.
Xülasə: Son illərdə qidalanma davranışlarında müşahidə olunan dəyişikliklər sosial mühitin, psixoloji gərginliyin və informasiya təsirlərinin qidalanma vərdişlərinə artan təsirini ön plana çıxarmışdır. Bu mövzunun araşdırılması, ölkə kontekstində qidalanma davranışlarının formalaşmasında rol oynayan sosial və psixoloji faktorların elmi müstəvidə qiymətləndirilməsi və sağlam həyat tərzinin təşviqi baxımından aktualdır. Məqsəd. Bu tədqiqatın məqsədi Azərbaycanda qidalanma davranışlarını formalaşdıran sosial və psixoloji amillərin strukturunu müəyyən etməkdir. Material və metodlar. Tədqiqat 320 nəfər respondentlə aparılıb. İştirakçılar 18-65 yaş aralığında olub, müxtəlif sosial-iqtisadi təbəqələri təmsil edirlər. Anket vasitəsilə məlumat toplanmışdır. Sorğu 34 maddədən ibarət olub, 5 ballı Likert şkalası ilə qiymətləndirilmişdir. Faktor analizi üçün Principal Component Analysis (PCA) metodu və Varimax rotasiyası istifadə edilmişdir. Məlumatlar SPSS 25 və Python vasitəsilə analiz edilmişdir. Nəticələr. Tədqiqatın nəticələri, qidalanma davranışlarına təsir edən dörd əsas faktoru müəyyən etmişdir: psixoloji amillər (emosional qidalanma, stress, özünü tənbeh); sağlam davranışı (balanslı, meyvə və tərəvəz istifadəsi); zərərli vərdişlər (fast-food istehlakı, şəkərli içkilər); sosial təsir (sosial media, bədən imici təzyiqləri). Bu dörd faktor ümumi variasiyanın 65,7%-ini izah edir. Psixoloji amillərlə zərərli vərdişlər arasında müsbət korrelyasiya (r=0,64) və sosial təsir ilə psixoloji amillər arasında orta səviyyəli əlaqə (r=0,48) müşahidə olunmuşdur. Yekun. Bu tədqiqat göstərir ki, Azərbaycanda qidalanma davranışları sosial və psixoloji amillərin qarşılıqlı təsiri ilə formalaşır. Sosial media və bədən imici təzyiqləri, emosional vəziyyət və stress, qidalanma davranışlarına əhəmiyyətli təsir göstərir. Bu nəticələr, gələcək müdaxilə və profilaktika proqramları üçün mühüm məlumatlar təqdim edir. Tədqiqatın nəticələri, ictimai sağlamlıq sahəsindəki müdaxilələrin effektivliyini artırmaq üçün nəzərə alınmalı olan sosial və psixoloji amilləri müəyyən edir. Quliyev M.D.
Xülasə: Tərəfimizdən təklif edilən təkmillləşdirilmiş septoplastika əməliyyatının effektivliyinin dəyərləndirilməsi üçün klinik, instrumental olaraq müqayisəli aspektdə təyin edilməsi məqsədi qarşıya qoyulmuşdir. Tədqiqata burnun kosmetik əməliyyatı keçirmiş 95 xəstə daxil edilmişdir. Onlar iki qrupa ayrılmışdır. Tərəfimizdən təklif edilən metodla septoplastika aparılmış 48, müqayisə qrupuna isə ənənəvi septoplastika aparılmış 47 nəfər daxil edilmişdir. Əməliyyatdan əvvəl burun tıxanıqlığı əlaməti, tənəffüs çətinliyi, yuxu pozuntusu hər iki qrupda yüksək tezliklə qeydə alınmışdır. Burun tutulması əməliyyatdan əvvəl qruplar arasında statistik fərq olmamışdır. Əməliyyatdan 3 ay sonra burun tutulması üzrə qruplar arasında əhəmiyyətli fərq yaranmışdır, yəni qısa müddətli dövrdə burun tutulmasının inkişafı qruplar üzrə fərqlənmişdir. Boğazda quruluq şikayətinə baxıldığında, əməliyyatdan əvvəl qruplar arasında fərq müşahidə olunmamışdır. Əməliyyatdan sonra isə qruplar arasında statistik cəhətdən əhəmiyyətli fərq yaranmışdır, bu da əməliyyatın boğaz quruluğuna qruplar üzrə fərqli təsir göstərdiyini göstərir. Baş ağrısı şikayətləri gəldikdə isə həm əməliyyatdan, həm də əməliyyatdan sonra qruplar arasında statistik fərq yaranmamışdır. Bu o deməkdir ki, əməliyyatlar baş ağrısına qruplar üzrə fərqli təsir göstərməmişdir. Əməliyyatdan sonra hər iki qrupda bu parametrlər üzrə azalma olsa da, bu əsas qrupda daha sürətli və davamlı olaraq baş vermişdir. Apardığımız kompleks klinik müayinələrin nəticələrinə əsasən təkmilləşdirilmiş septoplastika taktikası ilə əməliyyat olunmuş əsas qrupda bərpa daha sürətli getmiş, simptomlar daha erkən aradan qalxmış, və xəstə məmnuniyyəti daha yüksək olmuşdur. Ağayev E.M., Suleymanov M.Y., Həsənov F.İ., Marinçenko Y.V., Nadirova N.Ç.
Xülasə: Farmakonəzarət dərman vasitələri ilə bağlı əlavə təsirlərin və ya hər hansı digər problemlərin aşkarlanması, qiymətləndirilməsi, araşdırılması və qarşısının alınması ilə məşğul olan elmi-praktik sahədir. Məqalənin məqsədi. Farmakonəzarətin hüquqi bazasının əsaslarını öyrənmək və farmakonəzarətin hazırki vəziyyətini səciyyələndirmək. Material və metodlar. Məqalədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) təqdim etdiyi statistik məlumatlardan istifadə edilmiş, farmakonəzarət şöbəsinin fəaliyyət istiqamətləri üzrə son 5 ilin statistik məlumatları təqdim olunmuşdur. Nəticələr. Əlavə təsirlər yaradan dərman vasitələrinə dair AEM-ə göndərilən bildirişlərin statistikası qeyri-xətti, dəyişkən xarakterli olmuş, ən yüksək göstərici 2019-cu ildə (944), ən aşağı göstərici isə 2021-ci ildə (183) qeydə alınmışdır. Əlavə təsirlər yaradan dərman vasitələrinin Anatomik Terapevtik Kimyəvi Təsnifat Sistemi (ATK) kodları üzrə ən yüksək kəmiyyəti sistemli istifadə üçün mikrob əleyhinə maddələr (2024 dərman vasitəsi), ən aşağı kəmiyyəti isə sistemli istifadə üçün hormon preparatları (16) üzrə olmuşdur. Dərman vasitələrinin təsiredici maddəsinə görə statistik bazadan (WHODrug) çıxarışda qeyd olunmuş şübhəli və yanaşı təsirə malik olan dərmanlar arasında birinci yeri vərəm əleyhinə preparatlar tutur. 5 illik müddətdə əlavə təsir haqqında bildiriş kartlarının, xəbərdarlıqların dinamikası qeyri-stabil olmuşdur. Farmakonəzarət üzrə nəşr olunan tədris materiallarının sayında artım müşahidə edilmişdir. Yekun. İnkişaf etmiş farmakonəzarət sistemi dərman vasitələrinin təhlükəsiz, effektiv və etibarlı istifadəsinin nəticələrinin daha da yaxşılaşdırılmasına xidmət edir. Etibarlı S.S., Etibarlı S.A., Xəlilzadə R.S., Həsənov N.H.
Xülasə: Əhalinin yaşlanması fonunda osteoporotik fəqərə sınıqlarının tezliyi və yaratdığı ağrı, deformasiya, funksional məhdudiyyət və nevroloji ağırlaşmaların artması bu patologiyanın diaqnostika və müalicə yanaşmalarının təkmilləşdirilməsini aktual edir. Tədqiqat məqsədi. Fəqərə sütununun osteoporotik sınıqları olduqda spondiloqrafiya, densitometriya, komputer tomoqrafiyası və maqnit-rezonans tomoqrafiya müayinələrinin bir sıra vacib əlamətlərinin diferensial diaqnostikada və cərrahi müalicə taktikasının seçilməsində rolunu araşdırmaq. Material və metodlar. Tədris Cərrahiyyə Klinikası və Bakı Sağlamlıq Mərkəzində osteoporotik fəqərə sınıqları ilə əlaqədar 2015-2024-cü illərdə operativ müalicə edilmiş 93 xəstənin xəstəlik tarixi araşdırılmışdır. Nəticə. 74 xəstədə (79,6%) əsas əlamət onurğanın müxtəlif nahiyyələrində lokal ağrılar, kifoz və başqa deformasiyalar, ümumi zəiflik psixo-emosional pozğunluqlar, 19 xəstədə (20,4%) isə nevroloji əlamətlər hərəki, hissi və çanaq üzvləri funksiyalarının pozğunluqları müşahidə edilmişdir. Xəstələrin müayinəsi üçün radioloji üsullar – spondiloqrafiya bütün xəstələrə (93 xəstə 100%), komputer tomoqrafiyası müayinəsi 54 xəstəyə (58%), maqnit-rezonans tomoqrafiya müayinəsi 89 xəstəyə (95%) aparılmışdır. Müayinələrin nəticələri müqayisəli şəkildə təhlil edilmişdir. Yekun. Aparılmış kompleks klinik və instrumental müayinələr osteoporoz nəticəsində əmələ gəlmiş potoloji sınıqları müəyyən etməyə, zədələnmələrin xarakterik xüsusiyyətlərini, diferensial diaqnostikasını aparmağa, yanaşı somatik xəstəliklər olduğunu və ağırlıq dərəcəsini təyin etməyə imkan verməklə yanaşı, keyfiyyətli əməliyyatönü planlaşdırmaya və müalicənin nəticələrinin yaxşılaşmağına zəmin yaradır. Əşrəfov D.S.
Xülasə: Müasir stomatologiya sahəsində inkişaflar əsasən yeni texnologiyaların tətbiqi və dişin sərt toxumalarının bərpası üçün innovativ dolğu materiallarının istifadəsi ilə əlaqələndirilir. Bu materiallar sərt toxuma çatışmazlığı olan dişlərin funksional və estetik baxımdan optimal şəkildə bərpasına imkan yaradır. Endodontik müalicədən sonra devital dişlərin bərpası, stomatoloji praktikada xüsusi əhəmiyyət kəsb edən məsələdir. Bu prosesdə dişin kron hissəsi ya birbaşa, ya da dolayı üsulla bərpa olunur. Birbaşa bərpa metodunda kompozit materiallar vasitəsilə dişin anatomik forması və funksiyası bərpa edilir, bu isə minimal invaziv xüsusiyyətə malik olub, toxumaların maksimum qorunmasını təmin edir. Dolayı bərpa üsullarında isə dəzgah şəraitində hazırlanmış inley, onley, overlay və ya korona kimi protez elementləri tətbiq olunur ki, bu da uzunmüddətli dayanıqlıq və yüksək estetik nəticə əldə etməyə imkan verir. Müasir elmi tədqiqatlar göstərir ki, devital dişlərin bərpasında fiberglas ştiftlərin istifadəsi diş kökünün mexaniki dayanıqlığını artırır və kronun ömrünü uzadır. Bundan başqa, zirkonium və digər keramika materialları ilə hazırlanan korona və inleylər estetik tələblərə cavab verir və parodontal toxumalara minimal travma göstərir. Klinik təcrübələr konservativ yanaşmaların üstünlüyünü təsdiqləyir, çünki onlar diş toxumalarının maksimum qorunmasını təmin edir və prosedura sonrası fəsad riskini azaldır. Ağamuradov S.R., Qasımova F.N., Qüdrətli X.B.
Xülasə: Şjögren (Birincili Sjögren sindromu) xəstəliyi — ekzokrin vəzilərin zədələnməsi, selikli qişaların quruluğu və müxtəlif sistemli təzahürlərlə xarakterizə olunan xroniki sistemli autoimmun xəstəlikdir. Simptomların qeyri-spesifikliyi və xəstəliyin dəyişkən gedişi diaqnostikanı çətinləşdirir. Şjöqren xəstəliyindən əziyyət çəkən pasiyentin klinik halı təqdim olunur ki, bu da diaqnostik çətinlikləri və multidissiplinar yanaşmanın əhəmiyyətini əks etdirir. Klinik, laborator və instrumental göstəricilərinin kompleks qiymətləndirilməsinin vaxtında diaqnoz və optimal müalicə seçimi üçün vacibliyi vurğulanır. Quliyeva Z.M., Rüstəmova L.İ.
Xülasə: Təqdim olunan məqalədə uşaqlarda südəmər dövrdə mikrobiotanın formalaşması dövrləri, ona təsir edən amillər, bağırsağın mikrobiomla kolonizasiyasının mərhələləri, körpənin bağırsaq mikroflorasının nümayəndələri haqqında ətraflı məlumat verilmişdir. Həmçinin körpənin mikrobiotasının formalaşmasında ana südünün rolu, ana südünün tərkibində olan komponentlərin bu prosesə təsiri, eləcə də süni qidalanma zamanı qida qarışıqlarının tərkibinin ana südünə maksimal yaxınlaşdırılmasının vacibliyi və bu məqsədlə daha optimal balanslaşdırılmış qida qarışıqlarından istifadə edilməsinin zəruriliyi göstərilmişdir. Verdiyev A.A., Zeynalov F.M., Abdullayev F.M., Bayramova S.A.
Xülasə: Qastroezofageal reflüks xəstəliyi (QERX) mədə - bağırsaq traktının yuxarı şöbəsinin ən geniş yayılmış patologiyası hesab olunur. Son tədqiqatlar göstərir ki, qida borusunun selikli qişasının baryer funksiyasının və onun keçiriciliyinin pozulması refrakterliyin ən vacib səbəblərindən biridir. Beləliklə, QERX-nin optimal terapiyasında təkcə xlorid turşusunun sekresiyasının inhibə olunması ilə kifayətlənməməli, eyni zamanda selikli qişanın baryer funksiyasının bərpa olunması məqsədilə ezofaqoprotektiv təsirə malik dərman vasitələrindən də istifadə olunmalıdır. Bu məqsədlə yeni dərman vasitəsi olan Alfazoksdan istifadə oluna bilər. |


