| VAXTINDAN ƏVVƏL DOĞULANLARDA NEKROTİK ENTEROKOLİTİN PATOGENEZİNDƏ TLR4 VƏ SİGİRR GEN PROFİLİ ÜZRƏ DƏYİŞİKLİKLƏRİN ROLU Əliyeva A.M., Poluxova A.Ə., Məmmədova N.M. DOI: 10.61775/2413-3302.v2i44.12
XÜLASƏ Məqsəd. Tədqiqatın məqsədi vaxtından əvvəl doğulmuş yenidoğulanlarda nekrotik enterokolitin (NEK) inkişafı zamanı Toll-like reseptor 4 (TLR4) ekspressiyası və SIGIRR geninin metilləşmə profilində baş verən dəyişiklikləri qiymətləndirmək, onların hestasiya yaşı və doğuş kütləsi ilə əlaqəsini araşdırmaq və NEK patogenezində mümkün əhəmiyyətini müəyyən etmək olmuşdur. Material və metodlar. Tədqiqat K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda aparılmış, laborator analizlər İnsan Genetikası Laboratoriyasında və Ankara şəhərində yerləşən DIAGEN və INTERGEN laboratoriyalarında yerinə yetirilmişdir. TLR4 gen ekspressiyası 50 qan nümunəsində real-time polimeraza zəncirvari reaksiyası üsulu ilə qiymətləndirilmişdir. SIGIRR geninin metilləşmə profili 52 qan nümunəsində 36 gen lokusu üzrə təhlil edilmişdir. İştirakçılar doğuş kütləsinə görə 1500 q-dan az və 1500 q-dan çox olan yarımqruplara ayrılmış, NEK olan uşaqlar müvafiq müqayisə qrupları ilə qarşılaşdırılmışdır. Qruplararası fərqlər Mann–Whitney U meyarı ilə, dəyişənlər arasındakı əlaqələr isə Spearman ranq korrelyasiyası ilə qiymətləndirilmişdir; p<0,05 statistik əhəmiyyət həddi kimi qəbul edilmişdir. Nəticələr. TLR4 ΔΔCt göstəricisi hestasiya yaşı ilə mənfi korrelyasiya göstərmişdir (ρ=-0,419; p=0,006); eyni göstərici ilə doğuş kütləsi arasında da mənfi korrelyasiya müəyyən edilmişdir (ρ=-0,424; p=0,006). Doğuş kütləsi 1500 q-dan az olan uşaqlarda SIGIRR geninin %C90, %C100, %C102 və %C258 lokuslarında metilləşmə göstəricilərində müqayisə qrupuna nisbətən fərqlər aşkar edilmişdir. 1500 q-dan çox olan uşaqlarda %C327 və %C123 lokuslarında dəyişikliklər qeydə alınmışdır. SIGIRR metilləşmə göstəriciləri ilə TLR4 parametrləri arasında bir sıra statistik əhəmiyyətli korrelyasiyalar müəyyən edilmişdir. Yekun. Vaxtından əvvəl doğulmuş yenidoğulanlarda NEK TLR4 ekspressiyası və SIGIRR geninin metilləşmə profilində dəyişikliklərlə müşayiət olunur. Hestasiya yaşı və doğuş kütləsi TLR4 göstəriciləri ilə əlaqəli olmuşdur. SIGIRR lokuslarında metilləşmə dəyişiklikləri ilə TLR4 göstəriciləri arasındakı əlaqələr bu iki siqnal mexanizminin NEK patogenezində qarşılıqlı rolunu ehtimal etməyə əsas verir. Bu göstəricilərin erkən diaqnostik və proqnostik əhəmiyyətini müəyyən etmək üçün daha böyük nümunələrdə əlavə tədqiqatlara ehtiyac vardır. Açar sözlər: nekrotik enterokolit, vaxtından əvvəl doğulmuş yenidoğulan, TLR4, SIGIRR, gen ekspressiyası ƏDƏBİYYAT
|