| DİABETLİ XƏSTƏLƏRDƏ PERİFERİK ARTERİYA ATEROSKLEROZUNUN XÜSUSİYYƏTLƏRİ Mehdiyev S.X. DOI: 10.61775/2413-3302.v1i43.15
XÜLASƏ Periferik arteriyaların aterosklerotik zədələnməsi 2-ci tip şəkərli diabetli xəstələrdə tez-tez rast gəlinən, çox vaxt subklinik gedişli olan və ürək-damar ağırlaşmaları riskini artıran mühüm damar patologiyasıdır. Tədqiqatın məqsədi Azərbaycan populyasiyasında 2-ci tip şəkərli diabetli xəstələrdə periferik aterosklerozun subklinik göstəricisi olan topuq-bazu indeksi ilə ürək-damar xəstəliklərinin risk faktorları, qlikemik nəzarət, arterial hipertenziya, mikroalbuminuriya və aşağı ətraf damarlarının sonoqrafik göstəriciləri arasındakı əlaqəni öyrənmək olmuşdur. Material və metodlar. Tədqiqata 30–69 yaşlı 528 nəfər 2-ci tip şəkərli diabetli xəstə daxil edilmişdir. Xəstələr sorğu, obyektiv müayinə, qlikohemoqlobin, mikroalbuminuriya, arterial təzyiq göstəriciləri və aşağı ətraf damarlarının sonoqrafik müayinəsi əsasında qiymətləndirilmişdir. Topuq-bazu indeksi periferik arteriya xəstəliyinin obyektiv göstəricisi kimi istifadə edilmiş, TBİ≤0,9 periferik arterial zədələnmə əlaməti hesab edilmişdir. Nəticə. TBİ-nin orta göstəricisi 1,061±0,009 olmuş, xəstələrin 27,2%-də TBİ<0,9 aşkar edilmişdir. Aşağı ətraf damarları aterosklerozunun klinik əlamətləri 66,7% xəstədə qeyd edilmişdir. Qlikemiyaya qeyri-adekvat nəzarət olunanlarda TBİ≤0,9 daha çox rast gəlinmiş, distal seqmentlərə doğru stenozun ağırlıq dərəcəsi artmış və dizaltı-topuq seqmentində dekompensasiya əlamətləri müşahidə edilmişdir. Arterial hipertenziyalı xəstələrdə TBİ göstəriciləri daha aşağı, periferik ateroskleroz əlamətləri isə daha yüksək olmuşdur. Mikroalbuminuriyanın artması periferik aterosklerozun rastgəlmə tezliyinin yüksəlməsi ilə müşayiət edilmişdir. Yekun. 2-ci tip şəkərli diabetli xəstələrdə TBİ periferik arteriya xəstəliyi və ürək-damar riskinin qiymətləndirilməsi üçün praktik skrininq göstəricisi kimi istifadə oluna bilər. Açar sözlər: 2-ci tip şəkərli diabet; topuq-bazu indeksi; periferik arteriya xəstəliyi; arterial hipertenziya; mikroalbuminuriya ƏDƏBİYYAT
|