| ƏTRAFLARIN MÜŞTƏRƏK TRAVMALARINDA ŞÜA DİAQNOSTİKASI METODLARININ MÜQAYİSƏLİ İNFORMATİVLİYİ Qasımzadə G.Ş. DOI: 10.61775/2413-3302.v1i43.13
XÜLASƏ Tədqiqatın məqsədi müxtəlif etiologiyalı ətraf sümüklərinin travmalarının diaqnostikasında rentgen və kompüter tomoqrafiyası müayinələrinin diaqnostik dəyərinin, həssaslıq və spesifiklik göstəricilərinin müqayisəli şəkildə qiymətləndirilməsi olmuşdur. Bununla yanaşı, yaş, cins, travmanın etiologiyası və tək və ya müştərək xarakter daşımasının diaqnostik informativliyə təsiri araşdırılmışdır. Material və metodlar. Tədqiqat 2016–2021-ci illərdə Bakı şəhəri Kliniki Tibbi Mərkəzin travmatologiya və reanimasiya şöbələrində aparılmışdır. Müxtəlif səbəblərdən travma almış 969 xəstənin instrumental müayinə nəticələri retrospektiv təhlil edilmişdir. Xəstələrin 362 (37,4%) nəfərində rəqəmsal rentgen, 39 (4,0%) nəfərində isə KT müayinəsi icra olunmuşdur. Ümumilikdə 307 (31,7%) nəfərdə ətraf travmaları aşkarlanmışdır. Diaqnostik metodların informativliyi həssaslıq, spesifiklik, yalançı pozitiv və yalançı neqativ göstəricilər əsasında qiymətləndirilmiş, statistik analiz SPSS-26 proqramında Kohenin Kappa (κ) meyarı və p göstəricisi ilə aparılmışdır. Nəticələr. Rentgen müayinəsinin ətraf travmalarının aşkarlanmasında həssaslığı 99,0%, spesifikliyi isə 68,6% olmuşdur (κ=0,753; p<0,001). KT müayinəsində həssaslıq 97,1%, spesifiklik isə 25,0% təşkil etmişdir (κ=0,284; p=0,057). Kişilərdə rentgen müayinəsi daha yüksək informativlik nümayiş etdirmiş, qadınlarda isə KT-nin həssaslığı 100% olmuşdur. Yaş qrupları üzrə aparılan təhlillər 50–59 yaş qrupunda KT-nin daha üstün nəticələr verdiyini göstərmişdir. Müştərək travmalar zamanı KT-nin spesifikliyi 100,0%, həssaslığı isə 96,9% olmuşdur. Avtoqəza və yıxılma hallarında rentgen müayinəsi yüksək həssaslıq nümayiş etdirmişdir. Yekun. Müəyyən edilmişdir ki, ətraf travmalarının ilkin diaqnostikasında rentgen müayinəsi yüksək həssaslığı və əlçatanlığı səbəbindən əsas skrininq üsulu hesab edilə bilər. KT isə mürəkkəb və müştərək travmalar zamanı daha spesifik və detallı diaqnostik imkanlar təqdim edir. Buna görə diaqnostik metodun seçilməsi travmanın ağırlığına, lokalizasiyasına, xəstənin yaşına və klinik vəziyyətinə uyğun fərdiləşdirilməlidir. Açar sözlər: ətraf travmaları, rentgen müayinəsi, kompüter tomoqrafiyası, diaqnostik informativlik, skelet travması, müqayisəli təhlil ƏDƏBİYYAT
|