| ŞƏKƏRLİ DİABET VƏ PREDİABETİN SKRİNİNQİNƏ İNNOVATİV YANAŞMA Əliyeva A.Z., Sultanova S.S., Mirzəzadə V.A. DOI: 10.61775/2413-3302.v3i41.05
XÜLASƏ Şəkərli diabetin (ŞD) yayılmasının və onun ağırlaşmalarının kəskin şəkildə artması bu xəstəliyin ağırlıq səviyyəsinin də hədsiz dərəcədə yüksəlməsinə səbəb olur. Bunun üçün ŞD erkən aşkarlamaq gələcəkdə gözləniləcək artım sayına təsir göstərəcəyi şübhəsizdir. Son onilliklərdə ŞD-nin aşlarlanmasında sorğu anketlərin istifadəsi geniş tətbiq olunur. Lakin prediabetin aşkarlanması üçün olan sorğu anketlərinin sayı olduqca azdır. Təqdim edilmiş məqalənin məqsədi ŞD ilə yanaşı prediabetin də skrininqi üçün yeni göstəricilərin müəyyənləşdirilməsi və bu göstəricilər arasında qarşılıqlı əlaqənin öyrənilməsidir. Material və metodlar. Tədqiqatda 182 nəfərin anamnestik, antropometrik məlumatları, həmçinin hər bir müayinədən keçən şəxsin müxtəlif sorğu anketlərində iştirakı təmin edilmişdir. Ardınca statistik təhlil aparılmış, laborator müayinə nəticələri ilə tədqiqatda iştirak edənlərin göstəriciləri arasında qarşılıqlı əlaqə öyrənilmişdir. Nəticədə, yaş, bel çevrəsi, bədən kütləsi indeksi, sistolik və diastolik arterial təzyiq, anamnezdə arterial hipertenziya, azanmezdə qanda qlükozanın nə zamansa yüksək olması, anamnezdə hestasion diabet, birinci dərəcəli qohumlarda ŞD-nin rastgəlmə tezliyi və fiziki aktivlik səviyyəsi yeni sorğu anketinə daxil edilmişdir. Statistik hesablamalara əsasən yeni göstəricilər olan acqarına qlükoza indeksi və hesablanmış qlükozaya qarşı tolerantlıq testindən iki saat sonrakı qlükoza indeksinin istifadəsi öyrədilmişdir. Nəticələr. Hər iki indeks nəticələrinə görə kəsişmə nöqtələrinin istifadəsi ŞD xəstələrinin 100%-ni, prediabet halının acqarına qlükoza indeksi 67%-ni, hesablanmış qlükozaya qarşı tolerantlıq testindən iki saat sonrakı qlükoza indeksi 69%-ni, acqarına qlükoza indeksi normal karbohidrat mübadiləsinə malik şəxslərin 83%-ni, qlükozaya qarşı tolerantlıq testi indeksinin istifadəsi ilə isə 85%-ni aşkar etməyə imkan vermişdir. Yekun. Müasirləşən və qloballaşan dünyada yeni yaradılan innovativ hesab edilən indekslər onlayn kalkulyator şəklində istifadə olunacaq və onun istifadəsi hər kəs üçün onlayn şəklində əlçatan olacaq. Açar sözlər: acqarına qlükoza, qlükozaya qarşı tolerantlıq testi, skrininq, şəkərli diabet, prediabet ƏDƏBİYYAT
|