| No.3 (41) | 2025 Şahmuradov R.R., Ərxməmmədova G.M., Zeynalova N.V.
Xülasə: Dişlərin patoloji sürtünməsi bərk diş toxumalarının ən geniş yayılmış qeyri-kariyes zədələnmələrindən biridir və mina ilə dentinin sürətlə itirilməsi ilə xarakterizə olunan çoxfaktorlu prosesdir. Onun inkişafı mexaniki, kimyəvi və funksional amillərin — abraziya, eroziya, attrisiya, artmış okklüzion yüklənmə, eləcə də neyromuskulyar tənzimin pozulması və okklüzion kontaktların disbalansının — birgə təsiri ilə əlaqədardır. Klinik praktikada bu vəziyyət tez-tez temporomandibulyar oynağın funksional pozğunluqları ilə müşayiət olunur və ağrı sindromu, aşağı çənənin hərəkət məhdudluğu və əzələ hipertonusu ilə təzahür edir. Bu dəyişikliklər çeynəmə funksiyasına, estetik göstəricilərə və pasiyentlərin həyat keyfiyyətinə mənfi təsir göstərir. Müasir ortopedik müalicə funksional diaqnostika və okklüziyanın korreksiyasını əhatə edən mərhələli və kompleks proses kimi qiymətləndirilir. Vacib mərhələlərdən biri okklüzion şinlərin tətbiqidir; bu şinlər diş-çənə sisteminin müvəqqəti yüngülləşdirilməsini təmin edir, əzələ hiperaktivliyini azaldır və temporomandibulyar oynağın adaptasiyasına şərait yaradır. Onların istifadəsi klinik vəziyyətin stabilləşməsinə, patoloji sürtünmənin proqressinin ləngiməsinə və sonrakı ortopedik reabilitasiyanın optimallaşdırılmasına kömək edir. Salahova S.Ş.
Xülasə: Abdominal cərrahi əməliyyatlardan sonra yaranan ağırlaşmaların obyektiv və standartlaşdırılmış qiymətləndirilməsi cərrahi nəticələrin müqayisəsi və müalicə keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu icmalın məqsədi əməliyyatdan sonrakı ağırlaşmaların qiymətləndirilməsində istifadə olunan əsas təsnifat sistemlərinin klinik praktikada tətbiq xüsusiyyətlərini təhlil etməkdir. İcmalda Klavien–Dindo təsnifatı, Akkordeon Ağırlıq Qiymətləndirmə Sistemi və Hərtərəfli Ağırlaşma İndeksinin formalaşma prinsipləri, üstünlükləri və məhdudiyyətləri müqayisəli şəkildə nəzərdən keçirilmişdir. Göstərilmişdir ki, müxtəlif təsnifat yanaşmalarının məqsədyönlü istifadəsi əməliyyatdan sonrakı nəticələrin daha dəqiq qiymətləndirilməsinə və cərrahi xidmətin keyfiyyətinin artırılmasına imkan yaradır. Hüseynli R., Musayev E.R.,Cəfərli İ.E., Əşrəfov D.S.
Xülasə: Müasir stomatologiya intensiv texnoloji və metodoloji inkişaf mərhələsini yaşayır ki, bu da dişsiz xəstələrdə itirilmiş dişlərin bərpası üçün yeni imkanlar açır. Diş protezləri üçün süni dəstək funksiyalarının sümük daxilinə implantasiyası əsas yanaşma kimi tətbiq edilir, bu isə yalnız çeynəmə funksiyasının bərpasına deyil, həm də estetik göstəricilərin yaxşılaşdırılmasına imkan verir ki, bu da xəstələrin ümumi həyat keyfiyyətinə müsbət təsir göstərir. İnnovativ cərrahi üsulların müasir protez yanaşmaları ilə inteqrasiyası implantların daha dəqiq yerləşdirilməsini təmin edir, fəsad riskini minimuma endirir və reabilitasiya prosesini sürətləndirir. Modifikasiya olunmuş səthlər və biouyumlu materiallar daxil olmaqla, yeni implant sistemlərinin inkişafı osteointeqrasiya sabitliyini və ortopedik konstruksiyaların ömrünü əhəmiyyətli dərəcədə artırır. 3D modelləşdirmə, kompüterlə planlaşdırma və fərdi protezlərin hazırlanması kimi rəqəmsal texnologiyaların tətbiqi hər bir xəstənin anatomik xüsusiyyətlərinə uyğun fərdi həllərin yaradılmasına imkan verir. Bu yanaşmaların birləşməsi diş qrupunun funksiyasının kompleks bərpasını təmin edir və müalicə nəticələrinin proqnozlaşdırılmasını artırır. Müasir elmi tədqiqatlar və klinik təcrübə göstərir ki, yeni texnologiyalardan istifadə etməklə kombinə edilmiş müalicə üsullarının tətbiqi kompleks stomatoloji reabilitasiyanın keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Implant sistemlərinin dayanıqlığının artırılması, fəsad riskinin azaldılması və protezlərin optimallaşdırılması xəstələrin məmnuniyyətini yüksəldir və fərdi yanaşmaya və müasir texnologiyaların klinik praktikaya maksimal inteqrasiyasına yönəlmiş yeni stomatoloji yardım standartlarının formalaşmasına şərait yaradır. Nazirova V.B., Əhmədova Z.Q.
Xülasə: Ürək-damar xəstəlikləri (ÜDX), xüsusilə ürəyin işemik xəstəliyi və işemik insult, qlobal sağlamlıq üçün əsas problemlər olaraq qalır və əhəmiyyətli dərəcədə ölüm və əlillik səbəbidir. Molekulyar genetika sahəsində, xüsusilə Genom Geniş Assosiasiyası Tədqiqatları (GWAS) ilə əldə olunan nailiyyətlər, ÜDX-ə meylliliyi təsir edən genetik amilləri müəyyən edib. Əsas markerlərdən biri fibrinogen genidir (FGB), G(-455)A polimorfizmi fibrinogen səviyyələrinin artması ilə əlaqələndirilir, bu da tromboz və ÜDX üçün əhəmiyyətli risk faktorudur. Araşdırmalar göstərir ki, FGB-455G/A polimorfizmi işemik ürək xəstəliyi və insult riskinin artması ilə bağlıdır, xüsusilə Asiya əhalisində. Bu genetik markerlərin öyrənilməsi yüksək riskli şəxslərin erkən müəyyən edilməsinə kömək edir və fərdiləşdirilmiş profilaktika və müalicə strategiyalarına imkan verir. Ümumilikdə, ÜDX-ə dair genetik biliklər, xəstəliklərin incidensiyasını azaltmaq və nəticələri yaxşılaşdırmaq üçün yeni hədəfli müdaxilələr üçün imkanlar açır. Əliyeva A.Z., Sultanova S.S., Mirzəzadə V.A.
Xülasə: Şəkərli diabetin (ŞD) yayılmasının və onun ağırlaşmalarının kəskin şəkildə artması bu xəstəliyin ağırlıq səviyyəsinin də hədsiz dərəcədə yüksəlməsinə səbəb olur. Bunun üçün ŞD erkən aşkarlamaq gələcəkdə gözləniləcək artım sayına təsir göstərəcəyi şübhəsizdir. Son onilliklərdə ŞD-nin aşlarlanmasında sorğu anketlərin istifadəsi geniş tətbiq olunur. Lakin prediabetin aşkarlanması üçün olan sorğu anketlərinin sayı olduqca azdır. Təqdim edilmiş məqalənin məqsədi ŞD ilə yanaşı prediabetin də skrininqi üçün yeni göstəricilərin müəyyənləşdirilməsi və bu göstəricilər arasında qarşılıqlı əlaqənin öyrənilməsidir. Material və metodlar. Tədqiqatda 182 nəfərin anamnestik, antropometrik məlumatları, həmçinin hər bir müayinədən keçən şəxsin müxtəlif sorğu anketlərində iştirakı təmin edilmişdir. Ardınca statistik təhlil aparılmış, laborator müayinə nəticələri ilə tədqiqatda iştirak edənlərin göstəriciləri arasında qarşılıqlı əlaqə öyrənilmişdir. Nəticədə, yaş, bel çevrəsi, bədən kütləsi indeksi, sistolik və diastolik arterial təzyiq, anamnezdə arterial hipertenziya, azanmezdə qanda qlükozanın nə zamansa yüksək olması, anamnezdə hestasion diabet, birinci dərəcəli qohumlarda ŞD-nin rastgəlmə tezliyi və fiziki aktivlik səviyyəsi yeni sorğu anketinə daxil edilmişdir. Statistik hesablamalara əsasən yeni göstəricilər olan acqarına qlükoza indeksi və hesablanmış qlükozaya qarşı tolerantlıq testindən iki saat sonrakı qlükoza indeksinin istifadəsi öyrədilmişdir. Nəticələr. Hər iki indeks nəticələrinə görə kəsişmə nöqtələrinin istifadəsi ŞD xəstələrinin 100%-ni, prediabet halının acqarına qlükoza indeksi 67%-ni, hesablanmış qlükozaya qarşı tolerantlıq testindən iki saat sonrakı qlükoza indeksi 69%-ni, acqarına qlükoza indeksi normal karbohidrat mübadiləsinə malik şəxslərin 83%-ni, qlükozaya qarşı tolerantlıq testi indeksinin istifadəsi ilə isə 85%-ni aşkar etməyə imkan vermişdir. Yekun. Müasirləşən və qloballaşan dünyada yeni yaradılan innovativ hesab edilən indekslər onlayn kalkulyator şəklində istifadə olunacaq və onun istifadəsi hər kəs üçün onlayn şəklində əlçatan olacaq. Kamilova N.M., Mirzəyeva X.M., Mürsəlova S.Ə.
Xülasə: Məqsəd. Keysəriyyə əməliyyatından sonra uşaqlıqda formalaşmış çapığın vəziyyətini kompleks klinik-instrumental qiymətləndirmə əsasında təhlil etmək və optimal doğuş taktikasını müəyyənləşdirmək. Material və metodlar. Hestasiya müddəti 33–36 həftə olan uşaqlıqda çapığı mövcud 29 hamilə qadın müayinə olunmuşdur. Tədqiqat proqramına klinik-anamnestik analiz, akuşer müayinə, çapığın qalınlığının və strukturunun ultrasəs qiymətləndirilməsi, uşaqlıq-plasentar qan axınının dopplerometriyası, kardiotokoqrafiya və doğuşdan sonrakı dövrdə histeroskopiya daxil edilmişdir. Statistik emal Microsoft Excel və IBM SPSS Statistics 22.0 proqramlarından istifadə edilməklə təsviri analiz üsulu ilə aparılmışdır. Keyfiyyət göstəriciləri mütləq ədədlər və faiz (%) şəklində təqdim olunmuşdur. Nəticələr. Pasiyentlərin orta yaşı 28,6 il təşkil etmişdir. Bütün qadınların anamnezində bir dəfə keysəriyyə əməliyyatı olmuşdur. Hamiləlik dövründə ən çox rast gəlinən ağırlaşmalar dəmirdefisitli anemiya (86,2%), hamiləliyin pozulma təhlükəsi (13,8%) və preeklampsiya (10,3%) olmuşdur. Əksər hallarda uşaqlıq çapığının qalınlığı 3–7 mm arasında olmuş, konturları hamar və exostrukturu homogen xarakter daşıyırdı; 3 qadında çapığın funksional qeyri-kafi olmasına dair əlamətlər aşkar edilmişdir. Halların 89,7%-də doğuşlar təbii doğuş yolları ilə başa çatdırılmışdır. Alınan nəticələr göstərir ki, çapığın qalınlığı onun tam dəyərli olmasının yeganə göstəricisi deyil və klinik və dopplerometrik parametrlərlə birlikdə qiymətləndirilməlidir. Nəticə. Uşaqlıq çapığının vəziyyətinin kompleks qiymətləndirilməsi doğuş taktikasının fərdiləşdirilməsinə imkan yaradır və keysəriyyə əməliyyatından sonra vaginal doğuşa (VBAC) göstərişlərin təhlükəsiz şəkildə genişləndirilməsini təmin edir. İsayeva M.M.
Xülasə: Giriş. Virus etiologiyalı kəskin bağırsaq infeksiyaları, xüsusilə uşaqlarda əhəmiyyətli ictimai səhiyyə problemdir. Tədqiqatın məqsədi Bakı şəhərində pediatrik xəstələr arasında viruslu bağırsaq infeksiyalarının etioloji strukturunu və epidemioloji xüsusiyyətlərini xarakterizə etmək olmuşdur. Material və metodlar. 2018–2020-ci illərdə “naməlum etiologiyalı bağırsaq infeksiyası” diaqnozu ilə hospitalizasiya edilmiş 0–18 yaş 411 uşaq müayinə edilmişdir. Nəcis nümunələri A qrupu rotavirus, 40/41 serotip adenovirus və insan astrovirusu (HAstV) üçün immunferment analizi (ELISA; R-Biopharm RIDASCREEN, Almaniya) metodundan istifadə edilərək test edilmişdir. Təsviri, qiymətləndirici və analitik epidemioloji metodlar tətbiq edilmişdir. Nəticələr. Xəstələrin 56,2%-ində bağırsaq virusları aşkarlanmışdır. Monoviruslu infeksiya uşaqların 32,6%-də, mikst viruslu infeksiya isə 23,6%-də müəyyən edilmişdir. Bu zaman adenovirus 40/41 serotip üstünlük təşkil etmişdir (38,8%), daha sonra HAstV (36,6%) və A qrupu rotavirus (24,6%) aşkar olunur. Ən yüksək aşkarlama göstəricisi 1–3 yaş qrupunda müşahidə edilmişdir (73,6%). Oğlanlarda qızlara nisbətən bir qədər yüksək infeksiya göstəricisi qeydə alınmışdır. Mövsümi təhlil rotavirusun yazda-yayda, adenovirusun yayda, astrovirusun isə qışda üstünlük təşkil etdiyini üzə çıxarmışdır. Yekun. 40/41 serotipi adenovirus Bakı uşaqlarında viral bağırsaq infeksiyalarının aparıcı etioloji agenti olmuşdur. 1–3 yaşlı uşaqlar ən çox zərər çəkən qrup olmuşdur. Bu nəticələr pediatrik əhalidə virusoloji nəzarətin gücləndirilməsinin vacibliyini və məqsədyönlü profilaktik tədbirlərin zəruriliyini vurğulayır. Hüseynov N.M., Quliyev M.D., Əfəndiyev A.Z.
Xülasə: Aktuallıq. Burun arakəsməsinin əyriliyi uşaqlarda ən çox rast gəlinən tənəffüs pozğunluqlarından biridir və estetik problemlərlə yanaşı sosial-psixoloji təsirlərə də səbəb olur. Məqsəd. Xarici burun deformasiyası ilə birlikdə rast gəlinən burun arakəsməsinin ciddi əyriliyi olan uşaqlarda icra etdiyimiz estetik septoplastika əməliyyatı və onun əməliyyatdan sonrakı effektivliyini dəyərləndirmək. Material və metodlar. Tədqiqata 2019-2025-cü illər arasında 6-15 yaş arası 54 pasiyent (43 oğlan, 11 qız) cəlb edilmişdir. Əməliyyatlar endotraxeal narkozla qoruyucu subtotal septal rekonstruksiya texnikası (Preservation subtotal septal reconstraction technique) ilə, pediatrik septoplastika qaydalarına riayət edərək, böyümə nöqtələri qorunmaqla aparılmış və əməliyyatdan sonra pasiyenlərdə nəzərə çarpan fəsad müşahidə edilməmişdir. Nəticə. Tədqiqatda ədəbiyyata uyğun olaraq ən çox rast gəlinən göstərişin nazal obstruksiya olduğu müşahidə edildi. Eyni zamanda bu xəstələrdə aldığı travma nəticəsində yaranmış xarici burun deformasiyaları da qeyd olunurdu. Yekun. Pasiyentlərdə əməliyyatdan sonra həm funksional, həm də estetik baxımdan qənaətbəxş nəticələr əldə edilmişdir. Mahmudbəyova Z.F.
Xülasə: Aktuallıq. Trombositopeniya hamilə qadınlarda tez-tez rast gəlinən bir problem olup, ana və döl üçün ciddi fəsadlara yol aça bilir. Tədqiqatın məqsədi hamiləlik dövründə trombositopeniyası olan qadınlarda klinik xüsusiyyətləri qiymətləndirmək və bu vəziyyətin döl-ana nəticələrinə olan təsirini müəyyən etməkdir. Material və metodlar. Tədqiqata trombosit sayı 150×10³/mkl-dən az olan, doğuşdan əvvəl 100 gün ərzində müşahidə edilən 54 hamilə qadın daxil edilmişdir. Bütün xəstələrdə ümumi qan analizi, qaraciyər fermentləri, koaquloqram, antinuklear anticisimlər, viral serologiya (hepatit B, C, HİV), sidik müayinəsi aparılmışdır. Qarın boşluğu və çanaq orqanlarının USM-i həyata keçirilmişdir. Trombositopeniyanın şiddəti: yüngül (100–149×10³/mkl), orta (50–99×10³/mkl) və ağır (<50×10³/mkl) olaraq təsnif edilmişdir. Statistik təhlil SPSS v.22 proqramı ilə aparılmış, t-test və Pearson χ² testindən istifadə edilmişdir (p<0,05). Nəticələr. Tədqiqata trombosit sayı 150×10³/mkl-dən az olan 54 hamilə qadın (21–38 yaş, orta yaş 28,8±3,16 il) daxil edilmişdir. Trombositopeniyanın ən çox yayılmış səbəbi hestasional trombositopeniya (58,6%), ardınca preeklampsiya (22,2%) və immun trombositopenik purpura (7,4%) olmuşdur. Şiddət baxımından: 59,3%-də yüngül, 25,9%-də orta, 14,8%-də ağır trombositopeniya müşahidə edilmişdir. Doğuşların 53,7%-i vaginal, 46,3%-i isə abdominal yolla (qeysəriyyə) baş vermişdir. Ana fəsadları: doğuşdan sonrakı qanaxma (16,7%), epiziotomiya hematoması (9,2%), cift ayrılması (7,4%). Ana ölümü qeydə alınmamışdır. Neonatal nəticələr: 18,5%-də aşağı doğum çəkisi (orta 2,52±0,30 kq), 15%-də bətndaxili inkişaf ləngiməsi, 18,5%-i reanimasiya şöbəsinə qəbul edilmişdir. Yekun. Hamiləlik dövründə trombositopeniyanın əsas səbəbi hestasional trombositopeniya olsa da, digər səbəblər (preeklampsiya, İTP, HELLP sindromu) mütləq istisna edilməlidir. Ətraflı anamnez, laborator müayinə, qan yaxmasının analizi və dinamik izlənmə vacibdir. Qadın məsləhətxanalarında prenatal müşahidə çərçivəsində trombosit sayının mütəmadi monitorinqi tövsiyə olunur. Əliyev R.R.
Xülasə: Giriş. Dağınıq sklerozun (DS) fenotipləri arasında keçid proqnoz və müalicə baxımından klinik cəhətdən mühüm mərhələdir. Tədqiqatın məqsədi Azərbaycanda DS fenotipləri arasında keçidləri və onlarla əlaqəli amilləri öyrənmək olmuşdur. Material və metodlar. 2013–2022-ci illəri əhatə edən longitudinal analizə Azərbaycanda klinik izolə olunmuş sindrom (KİS) və residivverən DS (RDS) diaqnozu qoyulmuş xəstələr daxil edilmişdir (müvafiq olaraq 67 və 1397 xəstə). Fenotip keçidi KİS→RDS və ya RDS→ikincili proqressiv DS (İPDS) kimi müəyyən edilmişdir. Statistik analizlər Pearson-un xi-kvadrat testi və Mann–Whitney U testi ilə aparılmışdır. Assosiasiyalar başlanğıc və izləmə məlumatları tam olan kohortda (n=408) təkdəyişənli və çoxdəyişənli binar logistik reqressiya ilə qiymətləndirilmişdir. Nəticələr. İzləmə dövründə 378 xəstədə (25,8%) fenotip dəyişmişdir. KİS→RDS keçidi KİS hallarının 70,1%-ində (47), RDS→İPDS keçidi isə RDS hallarının 23,7%-ində (331) baş vermişdir. Fenotip dəyişikliyi KİS-dən sonra RDS-lə müqayisədə daha çox müşahidə olunmuşdur (p<0,001). Median keçid müddəti KİS-də RDS-lə müqayisədə daha qısa olmuşdur (p<0,001). Ümumilikdə, təkdəyişənli analizlər çoxdəyişənli logistik reqressiya modelinə daxil ediləcək fenotip keçidinin potensial prediktorlarını müəyyən etmişdir. Çoxdəyişənli modeldə 24 aylıq xəstəliyin gedişini dəyişən müalicəyə (XGDM) əməl etmə və xəstəlik müddətinin ≤10 il olması fenotip dəyişmə ehtimalının azalması ilə əlaqəli olmuşdur (p<0,001). Birinci ildə həmlənin olmaması və hissi simptomların olmaması daha yüksək fenotip dəyişmə ehtimalı ilə əlaqəli olmuşdur (müvafiq olaraq p<0,001 və p=0,010), nitq pozuntusunun olmaması isə daha aşağı ehtimalla əlaqələnmişdir (p=0,019). Yekun. Xəstələrin dörddə birində DS fenotipləri arasında keçid baş vermiş, bu keçid KİS-dən sonra daha erkən müşahidə olunmuşdur. XGDM-ə əməl etmə və seçilmiş başlanğıc klinik xüsusiyyətlər fenotip dəyişikliyi ilə müstəqil əlaqəli olmuşdur ki, bu da riskə görə diferensial izləmə və müalicənin optimallaşdırılmasını dəstəkləyir. Kərimli N.К.
Xülasə: Parodontitin erkən mərhələsi olan gingivit, hamiləlik dövründə qadınların parodontunu zədələyən ən çox yayılmış diş əti xəstəliyidir. Məqsəd - hamilə qadınlarda gingivitin profilaktikası üçün istifadə edilən Traumeel S və “Lesnoy Balzam” müalicəvi-profilaktik vasitəsinin müştərək tədbiqinin effektivliyinin öyrənilməsi. Material və metodlar. Tədqiqata yaşları 18-35 intervalında olan 45 hamilə qadın daxil edilmişdir. Gingivitin profilaktikası üçün hamilə qadınlar 3 qrupa bölünmüşdür: I qrup – gigiyena+xlorgeksedinlə qarqara; II qrup – gigiyena+“Lesnoy Balzam”-la qarqara; III qrup – gigiyena + “Lesnoy Balzam”-la qarqara və “Traumel C” məlhəmi. Tədqiqatlar ikinci və üçüncü trimestrlərdə aparılmışdır. Nəticələr. OHI-S indeksinin dinamikası əhəmiyyətli dərəcədə yaxşılaşma göstərmişdir. PMA indeksi I qrupda III trimestrdə II trimestrlə müqayisədə iltihabın dərəcəsi 25,7% (P<0,001), II qrupda 58,8% (P<0,001), III qrupda isə 87,6% (Р<0,001) azalmışdır. SBI indeksinin təhlili göstərmişdir II və III qruplar arasında III trimestrdə əhəmiyyətli fərqlər aşkar olundu (P=0,0179). Yekun. Traumel S preparatının və «Lesnoy balzam» fitokompleksinin profilaktik sxemə daxil edilməsi ağız boşluğundakı iltihabi proseslərə modulyasiyaedici təsir göstərmiş, gingivitin ifadəliliyini azaltmış və diş ətinin ümumi vəziyyətinin yaxşılaşmasına səbəb olmuşdur. Kazımova A.U., Rüstəmova M.F., Məcidova Ü.M., Sadlinski E.A.
Xülasə: Məqsəd. Müxtəlif kimyəvi qrupların nümayəndələrinin dişi ağ siçovulların yumurtalıqları da daxil olmaqla reproduktiv funksiyaya müqayisəli təsirini öyrənmək. Material və metodlar. 1-ci nəzarət qrupuna gündəlik 0,2 ml 0,9% NaCl məhlulu vuruldu, 2-ci və 3-cü qrupların eksperimental heyvanlarına müvafiq olaraq 5 mq/kq və 25 mq/kq dozada verapamil vuruldu, 4-cü və 5-ci qrupların eksperimental heyvanlarına müvafiq olaraq 5 mq/kq və 10 mq/kq dozada nifedipin vuruldu, 6-cı və 7-ci qrupların eksperimental heyvanlarına isə 5 mq/kq və 20 mq/kq dozada diltiazem vuruldu. 21 gündən sonra heyvanların başları efir anesteziyası altında kəsildi və qarın boşluğu açıldı və hər iki yumurtalıq çıxarıldı. Biopsiya nümunələri 10% formalin məhlulunda fiksasiya edildi. Növbəti mərhələdə dilimlər ksilolda təmizləndi və parafinləşdirilərək bloklara çevrildi. Bloklardan mikrotom (Leica RM 2125 RTS, Almaniya) istifadə edilərək 5 mikronlu kəsiklər hazırlanmışdır. Kəsiklər hematoksilin və eozin boyaları ilə boyanmışdır (Merck, Almaniya). Hazırlanmış preparatlar işıq mikroskopu (Leica DM 750, Almaniya) ilə müayinə edilmişdir. Dəyişikliklər mikroskopa qoşulmuş kamera ilə qeydə alınmışdır (Leica ICC 50, Almaniya). Nəticələr. Verapamillə 5 mq/kq dozada müalicə zamanı preantral follikulların sayı (2.3±0.4) olmuşdur ki, bu da nəzarət qrupu ilə müqayisədə 16.7% (p>0.05) azalma deməkdir. Antral follikullar (7.4±0.6) olmuşdur və 42% azalma (p<0.05) müşahidə edilmişdir. Nifedipin (5 mq/kq) qrupunda antral və preantral follikulların kəmiyyət göstəriciləri müvafiq olaraq 28.5% və 21% azalmışdır. Nifedipin (10 mq/kq) qrupunda bu azalma nəzarət qrupu ilə müqayisədə 71% (p<0.05) və verapamil qrupundakından (p>0.05) 16.7% yüksək olmuşdur. Diltiazem (20 mq/kq) ilə müalicə olunan qadınlarda preantral follikulların sayı nəzarət qrupu ilə müqayisədə 41.7% azalmış (p>0.05) və verapamil (25 mq/kq) qrupundan 1.8 dəfə çox olmuşdur (p>0.05). Yekun. Klinik praktikada, yüksək dozalar fonunda müalicə tələb olunduqda və ya dozanın artırılmasına ehtiyac olduqda, verapamilin, eləcə də diltiazemin yumurtalıqlara potensial mənfi təsirini nəzərə almaq vacibdir və yüksək dozalardan istifadə etmək lazım gəldikdə, dihidropiridin törəməsi olan nifedipinin bu baxımdan üstünlüyü müəyyən edilmişdir. Mürşüdova G.E., Quliyeva Z.M., Rüstəmova L.İ.
Xülasə: Hazırki məqalədə 15 yaşlı oğlan uşağında aşkar edilən “peritonun epitelial mezotelioması” klinik halı təsvir edilmişdir. Müşahidə olunan xəstədə tələb olunan klinik-laborator, sitoloji, instrumental və radioloji müayinələr aparıldıqdan sonra “peritonun epitelial mezotelioması” diaqnozu təsdiq olunmuşdur. Aparılan əməliyyatdan sonra xəstəyə 3 aydan bir dəfə dinamik monitorinq aparılması tövsiyə olundu. Bununla yanaşı 5 il müddətində 6 ayda bir dəfə müayinə və müşahidə olunmalıdır. Məcburi diaqnostik müayinə prosedurlarına döş qəfəsinin kompüter tomoqrafiyası, sitoloji, qarın boşluğunun rentgen müayinəsi və biokimyəvi müayinələr daxildir. Cavadzadə V.N., İsayev C.P., Hacıyeva S.V., Kərimova G.A., Muradova S.A., Vəkilova G.F.
Xülasə: Məqalədə bağırsaq disbiozunun mikrobioloji xüsusiyyətləri, normal bağırsaq mikroflorasının insan orqanizmi üçün faydaları, disbiozun dərəcəsi, təsnifatı, klinik sindromları və diaqnostika prinsipləri barədə məlumat verilmişdir. Disbioz bağırsaq mikroorqanizmlərinin kəmiyyət və keyfiyyət dəyişikləri ilə gedən patoloji vəziyyətdir. Disbioz əsasən dispeptik sindromla müşahidə olub, bəzən sepsis ilə özünü biruzə verə bilir. Məmmədli İ.A., Novruzov R.S., Məmmədova F.A.
Xülasə: Təqdim olunan məqalə tetrasiklin mənşəli diş rənglənmələrinin patogenezini, klinik təsnifatını və müasir estetik müalicə strategiyalarını elmi ədəbiyyat əsasında sistemləşdirərək praktik stomatoloqlar üçün metodoloji və klinik baxımdan faydalı məlumat mənbəyi kimi nəzərdə tutulmuşdur. Ümid edirik ki, bu araşdırma mövzunun daha dərindən anlaşılmasına və rasional müalicə yanaşmalarının tətbiqinə töhfə verəcəkdir. Qasımova F.N., Babayeva S.N., Sadıqova G.S., Mürşüdlü N.Ə.
Xülasə: Aksial spondiloartrit, o cümlədən ankilozlaşan spondiloartrit və qeyri-rentgenoloji aksial spondiloartrit xroniki iltihabi revmatik xəstəliklər qrupuna daxildir və əsasən sakroiliak oynaqları və onurğa sütununu zədələyir. Xəstəliyin erkən mərhələlərində klinik əlamətlərin qeyri-spesifik xarakter daşıması səbəbindən instrumental vizualizasiya metodları diaqnostikada həlledici əhəmiyyət kəsb edir. Məqalədə rentgenoqrafiya, maqnit-rezonans tomoqrafiyası, kompüter tomoqrafiyası və ultrasəs müayinəsinin aksial spondiloartritın diaqnostika və monitorinqində yeri ətraflı şəkildə təhlil edilmişdi. |


